İqnasio Kassis: "Azərbaycan regional qovşaq və Mərkəzi Asiya ilə Avropa arasında körpüdür"
“İsveçrə və Azərbaycan uzunmüddətli və dostluq münasibətlərinə malikdirlər ”.
1news.az xəbər verir ki, bu sözləri İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
“Müntəzəm ali səviyyəli təmaslarımız, iqtisadi mübadilələrimiz və Bretton-Vuds təsisatları çərçivəsində sıx əməkdaşlığımız ölkələrimiz arasında möhkəm etimad təməli yaratmışdır. İqtisadi müstəvidə xüsusi sektorun investisiya qoyması üçün mümkün qədər sabit çərçivələrə ehtiyacımız var. Digər çoxtərəfli və ikitərəfli münasibətlərə gəlincə, biz doğru yoldayıq və düşünürəm ki, bunu daha da təkmilləşdirə bilərik. Artıq bir neçə həftə sonra Nyu-Yorkda keçiriləcək növbəti görüşümüz çərçivəsində bir araya gəlmək barədə razılığa gəlmişik.
Bununla da, nəinki ticarət və investisiyalar, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, innovasiyalar, logistika və infrastruktura kimi sahələrdə, həmçinin digər mövzularda əməkdaşlığı dərinləşdirmək üçün aydın potensial mövcuddur.
Azərbaycanın coğrafi mövqeyi ona regional qovşaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında körpü kimi böyüyən bir rol verir. Şərq-Qərb (Orta) dəhlizinin inkişafı və etibarlı, şaxələndirilmiş ticarət marşrutları açıq və davamlı qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edir. Daha böyük regional birləşmə və əməkdaşlıq, daha əvvəl qeyd etdiyim kimi, xüsusən biznes sahəsi üçün yeni imkanlar yaradacaqdır.
Biz, həmçinin Cənubi Qafqazdakı proseslər barədə də fikir mübadiləsi apardıq. İsveçrə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. Sülh sazişinin təşəbbüsü irəli sürüldükdən təxminən bir il sonra, daimi sülh artıq əlçatandır. Biz qürur duyuruq ki, İsveçrə hər iki ölkə ilə yaxşı münasibətləri sayəsində sülhə doğru gedən bu yola müəyyən töhfə verib.
Mən azərbaycanlı həmkarımı sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün lazımi səyləri davam etdirməyə təşviq etdim - necə ki, o, az əvvəl bunu izah etdi və mən bunu eşitməkdən çox şad oldum. Bu, barışıq, habelə hər iki ölkənin xalqları və bütün region üçün sabitlik və tərəqqi istiqamətində mühüm addım olacaqdır.
İsveçrə bu prosesi dəstəkləmək üçün hər zaman, ehtiyac olduğu və xahiş edildiyi təqdirdə hazır olaraq qalır. Ölkəmiz Cənubi Qafqazda dialoqa və etimadın möhkəmləndirilməsi tədbirlərinə uzunmüddətli sadiqlik nümayiş etdirir ”.












