Azərbaycanda 200 tələbənin vəfat etməsi ilə bağlı yayılan məlumatlara rəsmi reaksiya verilib
Bəzi media subyektlərinin Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim etdiyi bildirilib.
1news.az xəbər verir ki, bu barədə aidiyyəti qurumun yaydığı açıqlamada qeyd olunub ki, “NoComment” saytında “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, daha sonra isə “Medianews” saytında “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” başlıqları ilə yayımlanan materiallar cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qiymətləndirilir.
Açıqlamada vurğulanıb ki, media subyektləri məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə əməl etməlidirlər. Xüsusilə statistik məlumatların təqdimatı zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah olunmalıdır.
Qurum media nümayəndələrini ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma sərgiləməyə çağırıb. Bildirilib ki, məlumatların düzgün və obyektiv təqdim olunması cəmiyyətin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.













