Fransada rekord istilər: 1947-ci ildən bəri ən isti gecə qeydə alındı | 1news.az | Xəbərlər
Dünya

Fransada rekord istilər: 1947-ci ildən bəri ən isti gecə qeydə alındı

Qafar Ağayev15:26 - Bu gün
Fransada rekord istilər: 1947-ci ildən bəri ən isti gecə qeydə alındı

Fransa 1947-ci ildən bəri qeydə alınan ən isti gecəni yaşayıb.

1news.az xəbər verir ki, ölkədə ötən həftədən etibarən müşahidə olunan isti hava dalğası gündəlik həyata ciddi təsir göstərməkdə davam edir.

Bazar ertəsindən çərşənbə axşamına keçən gecə 1947-ci ildən bəri ölçülən ən yüksək gecə temperaturu kimi qeydə alınıb. Meteo-France-ın ilkin məlumatına görə, ölkə üzrə 30 meteoroloji stansiyanın göstəriciləri əsasında hesablanan milli orta temperatur 21,6 dərəcəyə çatıb. Bununla da 25 iyul 2019-cu ildə qeydə alınmış 21,4 dərəcəlik əvvəlki rekord yenilənib.

Həddindən artıq istilər səbəbindən bəzi bölgələrdə məktəblər bağlanıb, bir sıra qatar reysləri isə ləğv edilib. Mövcud vəziyyətlə bağlı ölkənin Baş naziri Sebastien Lecornu nazirlərlə birlikdə növbəti böhran iclası keçirib.

Baş nazir bildirib ki, iyunun 18-dən bu yana, əsasən gənclər olmaqla, 40 nəfər suda boğularaq həyatını itirib. O, bu halları “faciəvi hadisə” kimi qiymətləndirərək vətəndaşları daha ehtiyatlı olmağa çağırıb.

Eyni zamanda, Fransanın idman və gənclər naziri Marina Ferrari də açıqlamasında qeyd edib ki, təkcə həftəsonunun əvvəlindən etibarən təxminən 20 nəfər boğulma nəticəsində həyatını itirib.

Rəsmilər bildirirlər ki, davam edən isti hava dalğası fonunda xüsusilə sərinləmək məqsədilə su hövzələrinə daxil olan vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər