“Lankaran”: AZAL ilk “Airbus A321neo” təyyarəsini təhvil aldı - FOTO
Almaniyanın Hamburq şəhərində Azərbaycanın milli aviadaşıyıcısı olan "Azerbaijan Airlines" (AZAL) üçün ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
1news.az xəbər verir ki, tədbir Almaniyanın Hamburq şəhərində yerləşən Airbus istehsalat kompleksində mətbuat konfransı və media-turla başlayıb. Jurnalistlər müəssisənin istehsal gücü və müasir sərnişin təyyarələrinin yığılmasının əsas mərhələləri ilə tanış olublar.
“Airbus” nümayəndələri iştirakçılara A320 ailəsinə aid təyyarələrin istehsalında tətbiq olunan texnoloji prosesləri nümayiş etdirib, həmçinin tətbiq edilən innovasiyalar və keyfiyyət standartları barədə məlumat veriblər.
Tanışlıq proqramı başa çatdıqdan sonra AZAL-a ilk Airbus A321neo təyyarəsinin rəsmi təqdimat mərasimi keçirilib.
Mərasimdə Airbus A320 Family proqramının icraçı vitse-prezidenti Kristof Zammert, Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satış vitse-prezidenti Şarbəl Yuzkatli, AerCap şirkətinin EMEA regionu üzrə baş vitse-prezidenti və bölmə rəhbəri Con Govan, CFM şirkətinin Airbus proqramları üzrə baş direktoru Bryuno Kastola, həmçinin Azerbaijan Airlines şirkətinin kommersiya direktoru Cəmil Manizadə çıxış ediblər.
Tədbir çərçivəsində qonaqlara A321neo təyyarəsinin yaradılması prosesinə həsr olunmuş videoçarx təqdim olunub. Daha sonra hava gəmisinin rəsmi təhvil verilməsi mərasimi və xatirə mükafatlarının təqdimatı baş tutub.
Yeni təyyarəyə Azərbaycanın füsunkar bölgələrindən birinin şərəfinə “Lankaran” adı verilib.
Rəsmi hissədən sonra iştirakçılar yeni laynerlə tanış olub və onun fonunda xatirə şəkilləri çəkdiriblər.
Airbus A321neo dünyanın ən müasir dar gövdəli sərnişin təyyarələrindən biri hesab olunur. Təyyarə yüksək yanacaq səmərəliliyi, azaldılmış emissiya göstəriciləri və sərnişinlər üçün artırılmış komfortu ilə seçilir.
“Lankaran” AZAL parkında ilk Airbus A321neo olacaq və aviaşirkətin beynəlxalq reyslərində istifadə ediləcək.

























