AZAL-ın kommersiya direktoru: İlk Airbus A321neo təyyarəsinin qəbulu aviaşirkətin tarixində yeni səhifə açır
“İlk Airbus A321neo təyyarəsinin qəbulu aviaşirkətin tarixində yeni səhifə açır”.
1news.az daha əvvəl xəbər verdiyi kimi, Hamburqda Azərbaycanın milli aviadaşıyıcısı – AZAL-a ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azerbaijan Airlines şirkətinin kommersiya direktoru Cəmil Manizadə bildirib ki, yeni təyyarə sadəcə donanmanın növbəti genişlənməsi deyil, həm də aviaşirkətin uzunmüddətli strategiyasının həyata keçirilməsində mühüm addımdır.
Onun sözlərinə görə, AZAL-ın strategiyası modernləşmə, səmərəliliyin artırılması, sərnişin rahatlığının təmin edilməsi və şirkətin davamlı inkişafına yönəlib.
“A321neo ailəsi bizim gələcəyə baxışımıza tam uyğundur. Bu təyyarələr bizə daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan verəcək, eyni zamanda daha yüksək səmərəlilik və sərnişinlər üçün daha böyük komfort təmin edəcək”, – deyə C.Manizadə bildirib.
AZAL-ın kommersiya direktoru həmçinin layihənin həyata keçirilməsi müddətində göstərilən peşəkarlıq, işə sadiqlik və dəstəyə görə Airbus komandasına və tərəfdaşlara təşəkkürünü bildirib.
“Bu təyyarənin təhvil verilməsi möhkəm tərəfdaşlığın və yüksək keyfiyyət standartlarına ortaq sadiqliyin nəticəsidir”, – deyə o vurğulayıb.
C.Manizadənin sözlərinə görə, ilk Airbus A321neo təyyarəsinin qəbulu milli aviadaşıyıcının tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.
“Bu gün biz sadəcə yeni təyyarə qəbul etmirik – biz şirkətimizin tarixində yeni bir səhifə açırıq. Mən əminəm ki, bu, yalnız başlanğıcdır. Yaxın zamanda parkımız A321 ailəsinə məxsus yeni təyyarələrlə daha da genişlənəcək ki, bu da bizi daha güclü və rəqabətqabiliyyətli edəcək”, – deyə AZAL-ın kommersiya direktoru qeyd edib.
Çıxışının sonunda Cəmil Manizadə layihədə iştirak edən hər kəsə təşəkkür edib və aviaşirkətin Azərbaycan bayrağı altında yeni Airbus A321neo təyyarəsini istismar etmək imkanından qürur duyduğunu bildirib.












