Zakir Həsənov Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri 26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib.
Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.
Sonra fəxri qarovulun iştirakı ilə Zəfər parkı və Hərbi Memorial Məzarlıq ziyarət olunub, abidələrin önünə əklillər qoyularaq şəhidlərimizin xatirəsi yad edilib.

























