AMB-dən yeni strateji hədəf: Maliyyə sektorunda rəqəmsallaşma və süni intellekt
Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı 2027–2030-cu illəri əhatə edəcək Maliyyə Sektorunun İnkişaf Strategiyasında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi əsas prioritet istiqamətlərdən biri olacaq.
1news.az xəbər verir ki, bu barədə AMB-nin Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank hazırda 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının son ilini icra edir və paralel olaraq növbəti dördillik strateji dövrün hazırlanması istiqamətində iş aparır.
"Rəqəmsallaşma növbəti strateji dövrün ən vacib istiqamətlərindən biri olacaq. Bununla yanaşı, süni intellektin tətbiqi də əsas prioritetlər sırasındadır. Çünki qlobal tendensiyalar artıq bu texnologiyaların geniş tətbiqinə doğru sürətlə inkişaf edir", – deyə o vurğulayıb.
F.Tofidi bildirib ki, əsas məqsədlərdən biri maliyyə institutlarının rəqəmsallaşma səviyyəsini yüksəltmək və onların fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqini genişləndirməkdir.
O əlavə edib ki, yeni strateji dövrdə hazırda icra olunan layihələrin davam etdirilməsi və genişləndirilməsi, həmçinin rəqəmsal yetkinlik indekslərinin hazırlanması nəzərdə tutulur. Layihə hazırda təsdiq və hazırlıq mərhələsindədir, ilkin nəticələr əldə olunub və gələcəkdə ictimaiyyətə ətraflı məlumat veriləcək.












