“MİQ-dən keçən müəllimlər sertifikatlaşdırmada daha yüksək nəticə göstərirlər”
"Müəllimlərin sertifikatlaşdırma nəticələri MİQ yolu ilə işə qəbul olunan müəllimlərlə digər müəllimlər arasında hazırlıq səviyyəsində fərqi ortaya qoyur".
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, MİQ imtahanından keçərək işə qəbul olunan müəllimlər sertifikatlaşdırmada orta hesabla 51 bal toplayıblar. MİQ-dən keçməyən müəllimlərin orta göstəricisi isə 42 bal olub.
Emin Əmrullayev qeyd edib ki, MİQ yolu ilə işə qəbul olunan müəllimlərin 99 faizi sertifikatlaşdırmadan uğurla keçir.
Nazir əlavə edib ki, sertifikatlaşdırma imtahanlarında verilən suallar çətin hesab edilə bilməz. Onun sözlərinə görə, əgər imtahan həqiqətən çətin olsaydı, orta nəticələr təxminən 25 bal səviyyəsində olardı. Mövcud orta göstəricilər isə imtahanın əlçatan olduğunu nümayiş etdirir.
O bildirib ki, müəllimlərin peşəkarlığının artırılması təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün əsas şərtlərdən biridir.












