Piyada keçidinə yaxınlaşarkən bunları edin – NİİM-dən sürücülərə çağırış - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə piyada keçidlərinə yaxınlaşarkən diqqətli olmaları ilə bağlı müraciət edib.
1news.az xəbər verir ki, müraciətdə piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün sürücülərin bir sıra vacib qaydalara əməl etmələrinin zəruriliyi vurğulanıb.
Bildirilib ki, sürücülər piyada keçidlərinə yaxınlaşarkən ilk növbədə yol nişanlarına diqqət yetirməli, piyadaların keçidə yaxınlaşdığını gördükdə sürəti azaltmalı, sərt əyləcdən istifadə etməməli, təhlükəsiz ara məsafəsini qorumalı, zərurət yarandıqda isə dayanaraq piyadalara yol verməlidirlər.
Mərkəz qeyd edib ki, bu qaydalara əməl olunmaması piyada vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün sürücüləri yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa və piyadaların təhlükəsizliyini daim diqqətdə saxlamağa çağırıb.












