Bu gün Bakılılar Günüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakılılar Günüdür

Oksana Orucova09:43 - Bu gün
Bu gün Bakılılar Günüdür

1 iyul Azərbaycanda Bakılılar Günü kimi xatırlanır.

1news.az xəbər verir ki, rəsmi təqvimdə yer almasa da, bu tarix uzun illərdir ki, bakılılar arasında zarafatla yanaşı, müəyyən ənənə kimi də qeyd olunur.

Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubunda yerləşən Bakı Azərbaycanın paytaxtı və ən böyük şəhəridir. "Küləklər şəhəri" kimi tanınan Bakı quru subtropik iqlimə malikdir. Şəhərin ümumi sahəsi 2 130 kvadratkilometrdir və inzibati cəhətdən 12 rayon və 59 qəsəbəni əhatə edir.

Paytaxtın mərkəzi hissəsi Bakı buxtasına doğru pilləli şəkildə enən amfiteatr formasında salınıb. Dənizkənarı əraziləri okean səviyyəsindən təxminən 28 metr aşağıda yerləşir. Bakı və ətraf ərazilər zəngin neft və qaz yataqları, eləcə də müxtəlif tikinti materialları ehtiyatları ilə seçilir.

Şəhər əsrlər boyu formalaşmış zəngin tarixi-mədəni irsi ilə də diqqət çəkir. Burada XII əsrə aid Qız Qalası, İçərişəhərin qala divarları, XV əsrdə inşa edilmiş Şirvanşahlar Sarayı, XIV–XVI əsrlərə aid Buxaralılar və Hindistanlılar karvansarayları, həmçinin Cümə məscidi kimi memarlıq inciləri bu gün də qorunaraq Azərbaycanın tarixini yaşadır.

Bakı təkcə memarlığı və qədim abidələri ilə deyil, həm də ölkənin ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynamış görkəmli şəxsiyyətləri ilə seçilir. Neft sənayeçiləri, xeyriyyəçilər, elm və mədəniyyət xadimləri, ziyalılar və din xadimləri paytaxtın inkişafına mühüm töhfələr verərək onun bugünkü simasının formalaşmasında əhəmiyyətli rol oynayıblar.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər