Rusiyadan Kiyevə raket və PUA hücumu: Ölənlər və yaralananlar var
Rusiyanın raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində Ukraynanın paytaxtı Kiyev və ətraf ərazilər hədəfə alınıb.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində azı 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın yaxın vaxtlarda “genişmiqyaslı hücuma” hazırlaşdığı barədə xəbərdarlığından qısa müddət sonra baş verib. Kəşfiyyat məlumatlarına istinad edən Zelenski bu səbəbdən Dublinə səfərini yarımçıq dayandırıb.
Ukrayna Hərbi Hava Qüvvələri hücumdan əvvəl Kiyev istiqamətində ballistik raketlərin hərəkət etdiyi barədə xəbərdarlıq yayıb. Paytaxtın mərkəzi və şərq hissəsində ardıcıl güclü partlayışlar qeydə alınıb. Sakinlər metro stansiyalarına enərək sığınacaqlara üz tutublar.
Kiyev meri Vitali Kliçko bildirib ki, şəhər eyni vaxtda həm ballistik raketlərin, həm də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Onun sözlərinə görə, partlayışlar paytaxtın müxtəlif rayonlarında eşidilib.
Kiyev vilayətinin rəhbəri Mikola Kalaşnik isə hücumların vilayətin beş rayonunu əhatə etdiyini açıqlayıb. O bildirib ki, Rusiya gecə ərzində zərbə dronları, ballistik və qanadlı raketlərdən istifadə etməklə növbəti dəfə genişmiqyaslı hava hücumu həyata keçirib.
Rəsmi məlumata əsasən, Buça rayonunda anbarlarda və yaşayış evində yanğın baş verib. Bundan başqa, yaşayış binaları, tələbə yataqxanası və bir sıra nəqliyyat vasitələrinə ziyan dəyib.
Ukrayna da hücumlarını artırıb
Son həftələrdə Ukrayna da Rusiya ərazisində yerləşən enerji infrastrukturu və hərbi obyektlərə qarşı uzaqmənzilli PUA hücumlarını intensivləşdirib. Moskva isə son günlər Ukrayna tərəfindən buraxılan yüzlərlə pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
ABŞ-də fəaliyyət göstərən Center for Strategic and International Studies analitik mərkəzinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində hər iki tərəfdə ümumilikdə 2 milyondan çox hərbi itki qeydə alınıb.
ABŞ-ın müharibənin dayandırılması istiqamətində irəli sürdüyü diplomatik təşəbbüslər isə indiyədək nəticə verməyib.












