Azərbaycan diplomatiyası: Beynəlxalq uğurlar, yeni tərəfdaşlıqlar və gələcək hədəflər
9 iyul – Azərbaycanda Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı ölkənin milli maraqlarının beynəlxalq müstəvidə qorunması, xarici siyasət prioritetlərinin həyata keçirilməsi və Azərbaycanın dünya ilə əlaqələrinin inkişafında mühüm rol oynayan diplomatların peşə fəaliyyətinə verilən qiymətin ifadəsidir.
Son illərdə Azərbaycan diplomatiyası həm regional, həm də qlobal səviyyədə fəallığını əhəmiyyətli dərəcədə artıraraq ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, yeni əməkdaşlıq formatlarının formalaşmasına və strateji tərəfdaşlıqların genişlənməsinə mühüm töhfələr verib.
Xüsusilə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyinin beynəlxalq səviyyədə qəbul olunması istiqamətində həyata keçirilən diplomatik fəaliyyət diqqət çəkir. Bununla yanaşı, ölkənin enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl enerji, humanitar əməkdaşlıq və çoxtərəfli diplomatiya sahələrində artan rolu Azərbaycanın etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq aktor kimi mövqeyini daha da gücləndirib.
Bu baxımdan, 9 iyul peşə bayramı Azərbaycan diplomatiyasının əldə etdiyi nəticələri dəyərləndirmək və qarşıda duran yeni hədəflərə nəzər salmaq üçün əlamətdar tarix hesab olunur.
Mövzu ilə bağlı 1news.az-a açıqlama verən Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, son illərdə Azərbaycan diplomatiyası həm regional, həm də beynəlxalq müstəvidə mühüm nailiyyətlər əldə edib. Onun sözlərinə görə, bu uğurlar ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirib.
"Diplomatik fəaliyyət hərbi uğurlarla paralel şəkildə inkişaf edib və bu amil Azərbaycanın tarixi Zəfərində mühüm rol oynayıb. Azərbaycan diplomatiyası son illər çox böyük aktivlik göstərir və təsadüfi deyil ki, bizim Qarabağ zəfərimiz, ərazi bütövlüyümüzün bərpa olunması məhz elə ona görə baş verdi ki, biz həm döyüş meydanında, həm diplomatik meydanda böyük qələbələr əldə etdik”.
Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan çoxtərəfli diplomatiyada da mühüm uğurlara imza atıb və müxtəlif beynəlxalq platformalarda fəal iştirak edib.
"Ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və yeni tərəfdaşlıqlar qurması bunun bariz nümunəsidir. Azərbaycan Qoşulmama Hərəkatında uğurla sədrlik etdi. BMT-nin proqramları, COP layihəsi, "World Urban Forum"-unun keçirilməsi, ondan öncə Təhlükəsizlik Şurasında uğurlu sədrliyimiz göstərir ki, Azərbaycan çoxtərəfli diplomatiyada çox aktivdir və yeni tərəfdaşlar, yeni diplomatik dividendlər qazanır”.
Deputatın sözlərinə görə, Azərbaycan ikitərəfli münasibətlərdə də mühüm rol oynayır, regional əməkdaşlığın inkişafına və sülhün təşviqinə töhfə verir.
O, ölkənin bir sıra beynəlxalq platformaların təşəbbüskarlarından olduğunu da diqqətə çatdırıb.
“Azərbaycanın regional təşəbbüsləri, regional sülhə dəstəyi, mediator rolu, eyni zamanda yeni təşkilatların təşəbbüskarı kimi çıxış etməsi göstərir ki, ölkəmiz həm regionda, həm də qlobal miqyasda sülhə böyük töhfə verir”.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə bildirib ki, Azərbaycan diplomatiyasının son illərdə qazandığı uğurlar müstəqil xarici siyasət kursunun və milli maraqlara əsaslanan strateji xəttin nəticəsidir.
"Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində diplomatların peşəkar fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Ölkə diplomatiyasının son illərdə əldə etdiyi uğurlar yalnız Xarici İşlər Nazirliyinin və diplomatik korpusun fəaliyyəti ilə ölçülmür. Bu uğurlar, ilk növbədə, Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursunun, milli maraqlara əsaslanan strateji xəttin nəticəsidir”.
Elçin Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqları beynəlxalq ictimaiyyətə qəbul etdirməsi diplomatik fəaliyyətin ən mühüm nailiyyətlərindən biridir.
“Son illərin ən mühüm nəticələrindən biri Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqları beynəlxalq ictimaiyyətə qəbul etdirməsi və bu reallıqların beynəlxalq gündəliyin ayrılmaz hissəsinə çevrilməsidir”.
Deputatın sözlərinə görə, Azərbaycan diplomatiyası bu gün təkcə klassik dövlətlərarası münasibətlərlə məhdudlaşmır, informasiya təhlükəsizliyi, iqtisadi diplomatiya və strateji kommunikasiyalar sahəsində də mühüm vəzifələr yerinə yetirir.
"Qarşıdakı dövrdə peşəkar diplomatların hazırlanması və onların müasir çağırışlara uyğun bilik və bacarıqlarla təmin olunması xüsusi əhəmiyyət daşıyacaq. Bu gün Azərbaycan diplomatiyası yeni mərhələyə qədəm qoyur. Qarabağ münaqişəsinin tarixə qovuşduğu, regionda yeni geosiyasi düzənin formalaşdığı şəraitdə diplomatik xidmət əməkdaşlarının üzərinə daha böyük məsuliyyət düşür”.







