Çində qızıl medal qazanan Vladimir Dolmatov: "Saat fərqinə uyğunlaşmaq asan olmadı"
Çinin Nankin şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın aerobika gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatovun saat fərqinə uyğunlaşması asan olmayıb.
Bu barədə 1news.az-a açıqlamasında V.Dolmatov bildirib.
İdmançı sözügedən ölkədəki yarışda Mədinə Mustafayeva ilə birlikdə qızıl medal qazanmaları barədə fikirlərini bölüşüb:
"Yarış bizim üçün kifayət qədər çətin keçdi. İlk növbədə saat fərqinə uyğunlaşmaq asan olmadı. İkinci əsas çətinlik isə güclü rəqiblərimiz - Rusiya və Çin yığmaları idi. Ölkəmiz üçün belə bir nəticə göstərərək qızıl medal qazanmağımız bizi çox sevindirir".
O, növbəti planları barədə də danışıb:
"Sentyabrın 11-13-də İspaniyada dünya çempionatı keçiriləcək. Orada da çempionluq uğrunda mübarizə aparacağıq. Eyni zamanda 2027-ci ildə Türkiyədə keçiriləcək Avropa Oyunlarına orada lisenziya qazanacağımıza ümid edirik".
Xatırladaq ki, Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya Kubokunda qarışıq cütlük proqramında 19.100 xalla qızıl medal qazanıblar.










