Türkiyənin məşhur aktyoru Zihni Göktay vəfat edib
Türk teatrı və kinosunun unudulmaz simalarından olan Zihni Göktay 80 yaşında vəfat edib.
Axşam saatlarında qəfil halı pisləşən sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
1news.az xəbər verir ki, bu barədə teatr aləminin tanınmış isimlərindən Nedim Saban məlumat verib. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada “Usta sənətkar Zihni Göktay üçün dualarınızı əsirgəməyin. Maltepe Xəstəxanasının reanimasiya şöbəsindən yaxşı xəbərlər gözləyirik” sözlərini yazıb.
Sənətçinin qızı Zeynep Göktay Dilbaz isə sosial şəbəkə hesabında atasının vəfat etdiyini açıqlayıb.
O paylaşımında bildirib ki, ilin əvvəlində Ankara turnesi zamanı keçirdiyi bud sümüyü sınığından sonra səhhətində yaranan problemlərə baxmayaraq, Zihni Göktay həyata sevincini, insanlara olan marağını və yenidən səhnəyə qayıdaraq tamaşaçıları ilə görüşmək ümidini son ana qədər itirməyib.
“Onu tamaşaçıları, sevənləri və həyatına toxunduğu hər kəs böyük sevgi ilə bağrına basdı. Atamız adına bu müddətdə maraqlanan, zəng edən və yanında olan hər kəsə ürəkdən minnətdarıq”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Zihni Göktay “Tosun Paşa”, “Hababam Sınıfı”, “Bizimkiler”, “Cennet Mahallesi” və “Avrupa Yakası” kimi məşhur film və seriallardakı rolları ilə Türkiyədə və Azərbaycanda geniş tamaşaçı sevgisi qazanmışdı.












