Qayanada bərə qəzası: Ölənlərin sayı 27-yə çatdı, 83 nəfər itkin düşüb
Cənubi Amerika ölkəsi Qayanada bərənin çevrilməsi nəticəsində həyatını itirənlərin sayı 27 nəfərə yüksəlib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda itkin düşən 83 nəfərin axtarışları davam etdirilir.
Qayana Baş naziri Mark Fillips jurnalistlərə açıqlamasında bildirib ki, qəza nəticəsində 27 nəfər ölüb, 69 nəfər isə xilas edilib.
Onun sözlərinə görə, itkin düşən 83 nəfərin tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün rəsmi araşdırmaya başlanılıb.
Baş nazir qeyd edib ki, ilkin rəsmi qeydlərdə bərədə 133 sərnişinin olduğu göstərilsə də, son araşdırmalar zamanı gəmidə 18 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 179 nəfərin olduğu müəyyən edilib.
Qeyd edək ki, "MV Barima" bərəsi iyulun 19-da Corctaun şəhərindən Port Kaituma istiqamətinə hərəkət edərkən qəzaya uğrayaraq çevrilib.












