ABŞ Çinin qitələrarası ballistik raket sınağına reaksiya verib | 1news.az | Xəbərlər
Dünya

ABŞ Çinin qitələrarası ballistik raket sınağına reaksiya verib

Oksana Orucova10:34 - Bu gün
ABŞ Çinin qitələrarası ballistik raket sınağına reaksiya verib

ABŞ Çinin strateji nüvə sualtı qayığından həyata keçirdiyi qitələrarası ballistik raket sınağını narahatlıqla izlədiyini bildirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, Çinin sürətlə inkişaf edən və şəffaf olmayan nüvə silahı potensialı region və dünya üçün ciddi narahatlıq doğurur. Vaşinqton Pekini silahlara nəzarət üzrə danışıqlara qoşulmağa və qitələrarası ballistik raket buraxılışları ilə bağlı beynəlxalq bildiriş mexanizmlərində iştirak etməyə çağırıb.

Avstraliyanın Müdafiə Sənayesi naziri Pat Konroy da Çinin hərbi potensialını sürətlə artırdığını və bu prosesin kifayət qədər şəffaf aparılmadığını bildirib. Onun sözlərinə görə, Pekin planlaşdırılan raket sınağı barədə Avstraliyanı cəmi bir neçə saat əvvəl məlumatlandırıb.

Qeyd edək ki, Çin Hərbi Dəniz Qüvvələri strateji nüvə sualtı qayığından maket döyüş başlığı daşıyan qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi isə bunun rutin hərbi təlim olduğunu, heç bir ölkənin hədəf alınmadığını və test öncəsi aidiyyəti dövlətlərin məlumatlandırıldığını bildirib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər