Bazarda "əl yandıran" meyvə-tərəvəz qiymətləri - Qarpız marketdə daha ucuzdur - VİDEOREPORTAJ
Mövsümi dəyişikliklər və hava şəraiti kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərən əsas amillərdən biri olaraq qalır.
Bu il əlverişsiz hava şəraiti və məhsuldarlığın azalması meyvə-tərəvəz bazarında qiymətlərin ötən illərlə müqayisədə daha yüksək olmasına səbəb olub.
Təklifin azalması bazarlardakı məhsul çeşidinə də təsir edib. Nəticədə bəzi meyvə və tərəvəzlərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur.
Mövzu ilə bağlı 1news.az olaraq Nizami rayonunda yerləşən "8-ci km bazarı"nda qiymətləri araşdırdıq, satıcı və alıcıların mövcud vəziyyətlə bağlı fikirlərini öyrəndik.
Satıcılar bildirirlər ki, havanın yağıntılı keçməsi bazara daxil olan məhsulların həcminə təsir edib. Onların sözlərinə görə, məhsulun azalması və gətirilmə xərclərinin artması bəzi məhsulların bahalaşmasına səbəb olub. Buna baxmayaraq, mövsümi meyvə və tərəvəzlərə tələbat qalmaqdadır.
Həmçinin satıcılar qarpızın ötən ilə nisbətən qiymətinin ciddi şəkildə artmasından da danışıblar. Belə ki, qarpızın bu il qiymətinin 80, 90 qəpikdən aşağı olmadığını vurğulayıblar. Satıcılardan birinin sözünə görə, supermarketlərdə bazara nisbətən daha ucuz qarpız tapmaq mümkündür.
Alıcılar isə qiymətlərin yüksək olduğunu qeyd edirlər. Onların sözlərinə görə, bəzi məhsulların bahalaşması gündəlik alış-veriş zamanı hiss olunur. Bununla belə, istehlakçılar qiymət artımının hava şəraiti və mövsümi amillərlə bağlı olduğunu anlayırlar.
Hazırda bazarlarda qiymətlərin formalaşmasına əsasən hava şəraiti, məhsuldarlıq və daşınma xərcləri təsir edir. Alıcılar isə seçim zamanı daha çox qiymət və keyfiyyət balansına diqqət yetirməyə çalışırlar.
Hazırda bazarlarda müşahidə olunan orta satış qiymətləri belədir:
Meyvə və giləmeyvələr:
Moruğun kilosu 6-7 manat, qırmızı qarağat 5-6 manat, qara qarağat isə 8-9 manata təklif olunur. Çiyələyin qiyməti 2-2,5 manat, böyürtkənin qiyməti 3,5-4 manat, zoğalın qiyməti isə 2,5-3 manat arasında dəyişir.
Göyəm 50 qəpik-1 manat, alma və armud 50 qəpik-2 manat, şaftalı isə 50 qəpik-5 manat aralığında satılır. İdxal albalının kilosu 4 manat, gilasın kilosu 6-10 manat, üzümün kilosu isə 1-2 manatdır.
Tərəvəzlər:
Bazarlarda pomidorun kilosu 70 qəpik-1,50 manat, xiyarın kilosu 80 qəpik-1 manat arasında dəyişir. Qarğıdalının bir ədədi 30-40 qəpiyə, badımcanın kilosu 80 qəpik-1 manata, kartofun kilosu isə 70 qəpik-1 manata satılır.
Soğanın kilosu 35-40 qəpik, göyərtinin dəstəsi isə 20 qəpikdir.
Mövzu ilə bağlı hazırladığımız reportajı təqdim edirik:








