Makron: Görülməmiş miqyasda yanğınla üz-üzəyik | 1news.az | Xəbərlər
Dünya

Makron: Görülməmiş miqyasda yanğınla üz-üzəyik

Oksana Orucova10:11 - Bu gün
Makron: Görülməmiş miqyasda yanğınla üz-üzəyik

Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-qərbində baş verən genişmiqyaslı meşə yanğınlarını "görülməmiş fəlakət" adlandıraraq, bunun İkinci Dünya müharibəsindən bəri qeydə alınan ən ağır vəziyyət olduğunu bildirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Makron Daxili İşlər Naziri Loran Nünez ilə birlikdə Bordo şəhərində yerləşən Jirond Yanğınsöndürmə və Xilasetmə Əməliyyat Mərkəzini (CODIS) ziyarət edib.

Burada Jirond bölgəsində 42 min hektar ərazini əhatə edən yanğınla bağlı məlumat alan Fransa lideri yanğınsöndürənlərə təşəkkürünü ifadə edib.

“Bütün ölkə adından sizə dəstəyimizi bildirmək və təşəkkür etmək üçün buradayıq. Görülməmiş miqyasda yanğınla üz-üzəyik. Hazırda indiyədək qeydə alınan ən ağır vəziyyəti yaşayırıq. Bu, İkinci Dünya müharibəsindən bəri üzləşdiyimiz ən ciddi mənzərədir”, - deyə Makron bildirib.

Fransa Prezidenti qeyd edib ki, ilin əvvəlindən ölkə üzrə təxminən 116 min hektar ərazi meşə yanğınlarından zərər görüb. Onun sözlərinə görə, uzunmüddətli quraqlıq, anomal istilər və güclü külək meşə sahələrini yanğınlara qarşı daha həssas vəziyyətə gətirib.

Makron bildirib ki, Jirond bölgəsində son 24 saat ərzində yanğının yayılması sabitləşsə də, alov hələ tam nəzarət altına alınmayıb.

“Son 24 saat müsbət keçib, lakin ehtiyatlı olmalıyıq. Havanın temperaturu yenidən yüksələcək, külək isə davam edəcək. Bu mübarizədə birlikdə qalib gələcəyik”, – deyə o vurğulayıb.

Fransa lideri əlavə edib ki, təxliyə olunan sakinlərin təhlükəsiz şərait yaranmadan evlərinə qayıtmasına icazə verilməyəcək. Evini və ya iş yerini itirən vətəndaşlara isə yaşayış yeri, maddi dəstək, sığorta və psixoloji yardım göstəriləcək.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər