İranda ardıcıl partlayış səsləri: ABŞ hücum etmədiyini bildirdi | 1news.az | Xəbərlər
Dünya

İranda ardıcıl partlayış səsləri: ABŞ hücum etmədiyini bildirdi

Qafar Ağayev08:20 - Bu gün
İranda ardıcıl partlayış səsləri: ABŞ hücum etmədiyini bildirdi

İranda bir neçə şəhərdə partlayış səsləri eşidilib, ABŞ hücum etmədiyini açıqlayıb

İranda bir neçə şəhər yaxınlığında güclü partlayış səsləri eşidilib. ABŞ isə ölkəyə qarşı son saatlarda hər hansı hərbi əməliyyat həyata keçirmədiyini bəyan edib.

1news.az iha.com.tr-yə istinadən xəbər verir ki, ABŞ-la İran arasında gərginliyin davam etdiyi bir vaxtda İran dövlət mediası ölkənin cənubunda yerləşən Bəndər-Abbas, Buşəhr, Konarak və Çoğadək şəhərləri yaxınlığında səbəbi hələlik məlum olmayan partlayış səslərinin eşidildiyini bildirib.

İran KİV-lərinin məlumatına görə, qeyd olunan ərazilərdə ən azı yeddi partlayış səsi qeydə alınıb. Hadisələrin səbəbi və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Buşəhr valiliyinin yaydığı məlumatda bildirilib ki, eşidilən səslərin silahlı qüvvələrin müdafiə fəaliyyəti, düşmən raketinin bölgəyə düşməsi və ya düşmənə məxsus pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirilməsi ilə bağlı olub-olmadığı araşdırılır.

"Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib", - deyə açıqlamada qeyd olunub.

Bu arada ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son saatlarda İrana qarşı heç bir hücum həyata keçirmədiyini açıqlayıb. Beynəlxalq KİV-ə danışan amerikalı rəsmi də ABŞ-ın baş verən partlayışlarla hər hansı əlaqəsinin olmadığını təsdiqləyib, lakin hadisələrin səbəbi ilə bağlı şərh verməyib.

Qeyd edək ki, ABŞ ordusu daha əvvəl Hörmüz boğazından keçən üç neft tankerinə pilotsuz uçuş aparatları ilə hücum edildikdən sonra İrana qarşı hərbi əməliyyatlara başlamışdı. Sonrakı iki gecə ərzində də ABŞ tərəfindən İran ərazisinə zərbələr endirilmişdi.

İran isə buna cavab olaraq Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərini hədəfə almışdı.

Xatırladaq ki, tərəflər arasında iyunun 15-də atəşkəs razılaşması əldə olunmuş və növbəti mərhələdə danışıqların davam etdirilməsi planlaşdırılmışdı. Lakin atəşkəs rejiminin pozulması danışıqlar prosesini dalana salıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər