Əfsanəvi futbolçu Roberto Karlos İslam dinini qəbul edib? | 1news.az | Xəbərlər
Dünya

Əfsanəvi futbolçu Roberto Karlos İslam dinini qəbul edib?

First News Media12:08 - Bu gün
Əfsanəvi futbolçu Roberto Karlos İslam dinini qəbul edib?

Braziliyalı futbol əfsanəsi Roberto Karlosun İslam dinini qəbul etdiyi barədə iddialar yayılıb.

1news.az Goal.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Real Madrid və Braziliya millisi ilə uğurlar qazanmış, keçmişdə Fənərbaxçada da forma geymiş 53 yaşlı idmançı təxminən dörd həftə əvvəl Şəhadət kəlməsini deyərək İslamı seçib.

Bildirilir ki, Roberto Karlos bir müddət Braziliyanın müsəlman icmasının tanınmış simalarından olan şeyx Cihad Həmadə ilə əlaqə saxlayıb və Braziliyada onunla görüşərək dini qəbul edib. Bu barədə məlumat Türkiyənin Ədalət və İnkişaf Partiyasından deputat Əli Şahinin "X" platformasındakı paylaşımından sonra geniş yayılıb. Deputat San-Paulu şəhərində yaşayan şeyx Həmadə ilə görüşdüyünü, onun isə Roberto Karlosun dörd həftə əvvəl ziyarəti zamanı Şəhadət kəlməsini dediyini bildirdiyini açıqlayıb. Şahin futbolçunu təbrik edərək ona və ailəsinə "sülh, sağlamlıq və bərəkətlə dolu həyat" arzulayıb.

Qeyd edək ki, iddialar Roberto Karlosun mərakeşli Suheyla əl-Tahiri ilə nikah müqaviləsi imzaladığı şəkillərin sosial mediada yayılmasından sonra ortaya çıxıb. FIFA lisenziyalı agent olan əl-Tahiri ilə cütlüyün münasibətləri əvvəlcə peşəkar əməkdaşlıq zəminində başlayıb, sonradan şəxsi xarakter alıb. Onların toy şənliyinin şəkilləri bu ilin 17 avqustunda yenidən sosial mediada yayılsa da, məlumatlara görə cütlük hələ 25 iyulda ailə üzvləri və yaxın dostların iştirakı ilə məhdud toy mərasimi keçirib.

Hazırda Roberto Karlosun özündən bu barədə rəsmi açıqlama verilməyib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər