Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu dekolonizasiya məsələsini beynəlxalq səviyyəyə çıxarıb
“Bakı Təşəbbüs Qrupu dekolonizasiya məsələsinə beynəlxalq ictimaiyyətin diqqətini yalnız müstəmləkə altında yaşayan xalqların üzləşdiyi əzabları işıqlandırmaqla deyil, həm də bu mövzunu müxtəlif platformalara və səviyyələrə – təkcə siyasi müstəviyə deyil, daha geniş müzakirə mühitinə çıxarmaqla cəlb edib”.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda BTQ-nin təşəbbüsü ilə keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
A.Abbasovun sözlərinə görə, bu gün BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar dekolonizasiya məsələsini artıq öz gündəliklərinə daxil ediblər. Onun fikrincə, bu, ilk növbədə, ictimaiyyətin məlumatlandırılması istiqamətində aparılan fəal fəaliyyətin nəticəsidir.
“Şübhəsiz ki, bu məlumatlılığın artmasında media nümayəndələri və xəbər agentlikləri mühüm rol oynayıb. İnformasiya resursları dekolonizasiya prosesinin əsas iştirakçılarından biridir. Bu gün, 2026-cı ildə biz Azərbaycan və xarici ölkələrdən olan jurnalistləri dekolonizasiya proseslərində medianın roluna həsr olunmuş beynəlxalq konfransda bir araya gətirmişik. Bu platforma fikir və təcrübə mübadiləsi üçün çox yaxşı imkan yaradıb. İnanıram ki, bu cür təşəbbüslər növbəti illərdə də ümumi işə mühüm töhfə verməyə davam edəcək”, – deyə Abbas Abbasov bildirib.












