Zahid Oruc: Eyni mənzilin bir neçə şəxsə satılması riski aradan qaldırılacaq | 1news.az | Xəbərlər
Siyasət

Zahid Oruc: Eyni mənzilin bir neçə şəxsə satılması riski aradan qaldırılacaq

Qafar Ağayev13:30 - Bu gün
Zahid Oruc: Eyni mənzilin bir neçə şəxsə satılması riski aradan qaldırılacaq

“Daşınmaz əmlakın dövlət reyestrində təminat qeydinin aparılması eyni mənzilin bir neçə şəxsə satılması riskini aradan qaldıracaq”.

1news.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri  Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Layihənin ən mühüm yeniliklərindən biri təminat qeydi institutunun tətbiqidir. Sadə dillə desək, layihənin 17-1-ci maddəsinə əsasən, mənzil alan vətəndaş artıq hüququnu binanın tikintisi başa çatdıqdan sonra deyil, müqavilə bağlandığı andan etibarən dövlət reyestrində təminat altına ala biləcək. Həmçinin 17-1.2-ci maddəyə əsasən, tikintisi başa çatmamış binada hər bir pay üzrə yalnız bir təminat qeydi aparılacaq. Bu isə eyni mənzilin bir neçə şəxsə satılması riskini aradan qaldıracaq. Təminat qeydi üç iş günü müddətində aparılacaq. Qeyd aparılmış şəxs öz hüquqlarını notariat qaydasında başqa şəxsə ötürə biləcək”.

Z.Oruc bildirib ki, son illərdə 20-dən çox tikinti şirkətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi və 5 min 250 vətəndaşın zərərçəkmiş şəxs kimi tanınması bu dəyişikliklərin zəruriliyini göstərir.

“Belə hallar təkcə bir ailənin problemi deyil, bütövlükdə bazarın etibarlılığına ciddi zərbə vurur. Bu cür hallar dövlət institutlarına olan inama mənfi təsir göstərir və vicdanla fəaliyyət göstərən tikinti şirkətlərinin nüfuzuna xələl gətirir. Artıq mənzil alıcısı ilə tikinti şirkəti arasında yaranan hüquqi münasibətlər təminat qeydi mexanizmi vasitəsilə daha etibarlı şəkildə tənzimlənəcək. Bütün məlumatlar dövlət reyestrində öz əksini tapacaq. Bu da bazarda hüquqi təhlükəsizliyi və şəffaflığı gücləndirəcək. Nəticədə həm vətəndaşların hüquqları daha etibarlı qorunacaq, həm də daşınmaz əmlak bazarında etimad artacaq”.

Z.Oruc qeyd edib ki, Layihənin mühüm yeniliklərindən biri də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı müddətinin 13 iş günündən 1 iş gününə endirilməsidir.

“Nəticədə vətəndaş günlərlə müxtəlif qurumların qapısını döyməyəcək, sahibkar investisiya layihələrini daha operativ həyata keçirəcək, bank və ipoteka əməliyyatları daha sürətlə rəsmiləşdiriləcək. Alqı-satqı prosesində vaxt itkisi və əlavə xərclər minimuma enəcək. Rəsmi məlumatlara görə, ölkədə hər gün orta hesabla minlərlə dövlət qeydiyyatı əməliyyatı həyata keçirilir. Almaniya, Estoniya və Sinqapur kimi ölkələr bu mexanizmləri illər əvvəl tətbiq ediblər. Bu yanaşma elektron xidmətlərin genişlənməsinə, kağız daşıyıcılardan istifadənin azalmasına və dövlət xidmətlərinin daha səmərəli təşkilinə imkan yaradacaq. Hesab edirik ki, layihə, xüsusilə bələdiyyələr tərəfindən verilmiş və indiyədək qeydiyyata alınmamış əmlakların hüquqi statusunun müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək”.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər