Dünyada 5G abunəçilərinin sayı 3 milyardı keçdi
Mobil operatorlar yeni nəsil 5G xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edərkən, dünyada 5G abunəçilərinin sayı 2026-cı ilin ilk rübündə 3 milyardı ötüb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Ericsson" şirkətinin 2026-cı ilin iyun ayında dərc etdiyi 2025–2031 Mobil Rabitə Hesabatında bildirilib.
Hesabata əsasən, ilin ilk üç ayında 5G istifadəçilərinin sayı 162 milyon nəfər artıb. Proqnozlara görə, 2031-ci ilin sonunadək bu göstərici iki dəfədən çox artaraq 6,4 milyarda çatacaq.
Hazırda dünyada təxminən 390 operator kommersiya məqsədli 5G xidmətləri təqdim edir. Onlardan 90-dan çoxu isə müstəqil 5G (5G SA) şəbəkəsini istifadəyə verib.
"Ericsson"-un texniki direktoru Erik Ekudden bildirib ki, 5G texnologiyası süni intellektlə işləyən yeni nəsil xidmətlərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, mobil şəbəkələr artıq sadəcə rabitə vasitəsi deyil, müxtəlif tətbiqləri dəstəkləyən ağıllı və strateji infrastruktura çevrilir.
Hesabatda qeyd olunur ki, telekommunikasiya sektoru artıq 6G texnologiyasına hazırlıq mərhələsinə keçib. İlk 6G standartlarının 2028–2029-cu illərdə təsdiqlənəcəyi, kommersiya xidmətlərinin isə 2030-cu ildən etibarən istifadəyə veriləcəyi gözlənilir.












