Ukrayna Rusiyada neft emalı zavodunu vurub: 12 ölü, 39 yaralı
Ukrayna Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə PUA-larla hücum edib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Nijnekamsk şəhərinin meri Radmir Belyayevin sözlərinə görə, hücum zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Bildirilir ki, zərbələr sənaye obyektləri və yaşayış məntəqələrinə endirilib.
Rusiya mediası hücum zamanı “Tatneft” şirkətinə məxsus TANECO neft emalı zavodunun da hədəfə alındığını yazıb. Zavod daha əvvəl, iyun ayında da Ukrayna PUA-larının hücumuna məruz qalmışdı.
Hücumdan sonra Tatarıstan rəhbəri Rustam Minnixanov bölgədə matəm elan edib.
Ukrayna qüvvələrinin Donetsk vilayətinin Makiivka şəhərində yerləşən “Qalaktika” ticarət mərkəzinə də zərbə endirdiyi bildirilir. Hücum nəticəsində ticarət mərkəzində yanğın baş verib.











