İsa Həbibbəyli: Azərbaycanda numizmatika tədqiqatçıları hazırda barmaqla sayılacaq qədər azdır
"Azərbaycanda numizmatika tədqiqatçıları hazırda barmaqla sayılacaq qədər azdır".
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli İçərişəhərdə Numizmatika Muzeyinin açılışı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı söyləyib.
"Azərbaycanda numizmatika sahəsində müəyyən məktəblər olmuşdur. Bu cəhətdən biz bütün fəaliyyəti Azərbaycanda keçmiş tanınmış böyük alim Yevgeni Paxomovun xidmətlərini yüksək qiymətləndiririk. Onun topladığı bir tona yaxın, ən müxtəlif dövrlərdə numizmatika nümunələrinin bir hissəsi Azərbaycandadır. Bizim Milli Tarix Muzeyimizdə və digər muzeylərimizdədir. Böyük bir hissəsi isə Peterburqdakı arxivlərə, muzeylərə təhvil verilib.
O qeyd edib ki, Paxomovun işi daha çox toplama və qismən də tədqiqat aparmaqla məşğul olmaq idi.
"Azərbaycanda bu sahədəki peşəkar, böyük tədqiqatçı professor Əli Rəcəbli idi. O, 90 ilə yaxın ömür sürdü. Ona dünyanın ən varlı adamı olduğunu deyirdim. Çünki onun yaratdığı bir neçə albom var ki, ən qədim dövrlərdən bu günə qədərki bizim sikkələrimizin hamısının nümunələri orada, kalliqrafik o yazıları da göstərmək şəkli ilə öz əksini tapıb, fotoları göstərilib. Eyni zamanda hər biri haqqında da konkret, ciddi mətnlərin oxunması və qiymətləndirilməsi baxımından tədqiqatlar verilib. Yevgeni Paxomov və Əli Rəcəblidən sonra Azərbaycanda görkəmli numizmat yoxdur. Halbuki bizim bu qədər böyük sərvətimiz var. Bunları bir yerə toplamaq, bir muzeydə cəmləmək və muzeyin həm də elmi-tədqiqat xarakteri daşımağı yeni numizmatlar nəslinin yetişməyinə öz töhfəsini verəcək".
Foto: Nadir İbrahimli












