Uğursuz transferlər, yoxsa sadəcə şanssızlıq? - "Qarabağ"da nə baş verir? - RƏY
Dünən Polşada keçirilən UEFA Konfrans Liqasında ilk oyun "Qarabağ" üçün növbəti məyusluqla nəticələndi. Ağdam təmsilçisi Kiyev "Dinamo"suna 1:0 hesabı ilə məğlub oldu və daha narahatedici məqam odur ki, komanda ardıcıl üçüncü oyunda da qol vura bilmədi.
Bu nəticələr azarkeşlər arasında ciddi narazılıq yaradıb. Ən çox səsləndirilən fikirlərdən biri budur ki, komanda son illərin ən vacib futbolçularını itirdikdən sonra onların yerini eyni səviyyədə doldura bilməyib. Kevin Medina, Leandro Andrade və xüsusilə Kamilo Duranın gedişi oyunların məhsuldarlığına ciddi təsir göstərib. Yeni transferlərdən gözləntilər isə hələlik özünü doğrultmur. Buna səbəb olaraq oyunçuların hələ adaptasiya mərhələsində olduğu bildirilib.
Dünənki qarşılaşma da bunun bariz nümunəsi idi. "Qarabağ" hücumlar qurdu, bir neçə dəfə künc zərbəsi qazandı, qol imkanları yaratdı. Lakin bu epizodların heç biri nəticəyə çevrilmədi. Hücumların son nöqtəsində qərarvermə və dəqiqlik çatışmadı.
Burada bəxt amili də öz sözünü dedi. Aleksey Kaşşukun bir neçə real qol imkanı olsa da, topu qapıdan keçirə bilmədi. Futbolda belə günlər olur. Amma bu cür epizodların ardıcıl təkrarlanması artıq təsadüfdən daha çox komandanın hücum effektivliyi ilə bağlı suallar yaradır.
Müdafiədə də problemlər diqqətdən yayınmadı. Qarşılaşmanın taleyini həll edən qol erkən dəqiqələrdə, müdafiədə buraxılan kobud səhvin nəticəsində vuruldu. Yeni transfer edilən Macar müdafiəçi Bence Varkonyi müdafiədə yaxşı dayansa da, ilk qol qaçınılmaz oldu.
Bu cür oyunlarda bir sıra xırda səhvlər adətən çox baha başa gəlir və "Qarabağ" da bunun acısını çəkdi.
Üstəlik, komanda heyətlə bağlı ciddi itkilərlə üz-üzə qalıb. Elvin Cəfərquliyevin zədələnməsi, yeni transfer Cebrail Makreçkisin qırmızı vərəqə alaraq növbəti oyunu buraxacaq olması və digər yeni transfer Zakariya Savonun zədə səbəbindən təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı xəbəri Qurban Qurbanovun seçim imkanlarını daha da məhdudlaşdırır.
Oyun zamanı Qurban Qurbanovun üz ifadəsi də çox şeyi izah edirdi. İllərdir "Qarabağ"ı uğurlara aparan məşqçi komandanın yaşadığı problemləri hamıdan yaxşı görür. Ancaq indi əsas sual budur: bu böhrandan çıxış yolu tapılacaqmı?
Vəziyyəti düzəltmək üçün vaxt var. Amma bir məsələ aydındır: "Qarabağ" həm transfer siyasətini, həm də hücum xəttinin effektivliyini qısa zamanda yaxşılaşdırmasa, bu mövsüm əvvəlki illərdə öyrəşdiyimiz dominant "Qarabağ"ı görmək çətin olacaq.
İndi bütün diqqətlər cavab oyununa yönəlib. Görək, Ağdam təmsilçisi tənqidlərə meydanda cavab verə biləcəkmi?
Oksana Orucova











