Çində "Dolphin" tayfunu: 1 milyondan çox insan təxliyə edilib
Çinin şərqini təsiri altına alan "Dolphin" tayfunu səbəbindən Şanxay da daxil olmaqla bir sıra bölgələrdə 1 milyondan çox insan təxliyə edilib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, tayfun bazar günü Çjetszyan əyalətinin Yuyhuan şəhərini saatda 150 kilometrə çatan küləklərlə vurub.
Şanxayda təxminən 1 000 aviareys ləğv edilib, şəhərdə nəqliyyatın hərəkətində ciddi fasilələr yaranıb. "Disneyland" və "Legoland" əyləncə parklarının bəzi bölmələri, eləcə də bir sıra turistik məkanlar ziyarətə bağlanıb.
Səlahiyyətli qurumlar tayfunun zəifləməsinə baxmayaraq, sabah günün sonunadək güclü yağış, sel və torpaq sürüşməsi təhlükəsinin davam edəcəyini bildiriblər.
Çjetszyan əyalətinin bəzi ərazilərində 50 santimetrədək yağıntının düşəcəyi proqnozlaşdırılır.
Vençjou şəhərində təxminən 900 min, Tayçjou şəhərində isə 390 min nəfər təxliyə edilib. Çjetszyan əyalətində 9 yaşlı uşağın dənizə sürüklənərək itkin düşdüyü bildirilir.
"Dolphin" tayfununun daha əvvəl təsir göstərdiyi Filippində isə güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 7 mindən çox insan təxliyə edilib.
Mütəxəssislər güclü "El Niño" şəraitinin tayfunun şiddətinin artmasına təsir göstərmiş ola biləcəyini qeyd edirlər.










