Nvidia süni intellekt üçün 500 milyard dollardan çox kapital cəlb edəcək
ABŞ-nin aparıcı çip istehsalçısı Nvidia süni intellekt infrastrukturunun inkişafı məqsədilə 500 milyard dollardan çox üçüncü tərəf kapitalının cəlb edilməsi üçün dünyanın iri maliyyə qurumları ilə əməkdaşlığa başlayıb.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, şirkət Apollo, Blackstone, BlackRock, Brookfield, Goldman Sachs və KKR ilə müstəqil hesablama maliyyəsi platformalarının yaradılması barədə anlaşma əldə edib.
Bildirilib ki, platformaların əsas məqsədi Nvidia-nın hesablama və süni intellekt infrastrukturunu qlobal investorlar üçün cəlbedici aktiv sinfinə çevirmək, həmçinin “süni intellekt fabrikləri” adlandırılan iri məlumat mərkəzlərinə çıxışı genişləndirməkdir.
Saziş çərçivəsində Nvidia adıçəkilən maliyyə qurumları ilə birgə müştərilərə əlverişli şərtlərlə böyük həcmdə xüsusi ayrılmış kapital resursları təqdim edəcək.
Şirkətin məlumatına görə, tərəfdaşlıqların ümumi məbləği 500 milyard dolları keçəcək. Bununla belə, razılaşmaların qüvvəyə minməsi yekun müqavilələrin imzalanmasından asılı olacaq.
Jensen Huang: “Çipdən başladıq, indi yeni sənaye sinfi yaradırıq”
Nvidia-nın təsisçisi və baş icraçı direktoru Jensen Huang bunun şirkət üçün tarixi mərhələ olduğunu bildirib.
O qeyd edib ki, Nvidia fəaliyyətə çip istehsalı ilə başlasa da, hazırda yeni istehsal və investisiya sinfinin – “süni intellekt fabrikləri”nin formalaşmasına töhfə verir.
Huang hesablamanın süni intellekt dövründə “gəlir” mənbəyinə çevrildiyini vurğulayıb.
Onun sözlərinə görə, yeni maliyyə platformaları müştərilərə məhdud hesablama resurslarına genişmiqyaslı çıxış imkanı yaradacaq.
“Bu, hər sektora və hər ölkəyə güc verəcək süni intellekt fabriklərinin tikintisinə şərait yaradacaq”, – deyə Nvidia rəhbəri bildirib.
BlackRock və Goldman Sachs rəhbərləri də əməkdaşlığı dəstəkləyib
BlackRock-un baş icraçı direktoru Larry Fink süni intellekt infrastrukturunun inkişafının böyük həcmdə investisiya və ixtisaslı kadr tələb etdiyini bildirib.
O, əməkdaşlığın ABŞ-nin və dünya iqtisadiyyatlarının inkişafına töhfə verəcəyini, eyni zamanda investorlar üçün uzunmüddətli investisiya imkanları yaradacağını qeyd edib.
Goldman Sachs-ın baş icraçı direktoru David Solomon isə hazırda süni intellektə investisiyalar baxımından tarixi mərhələnin yaşandığını vurğulayıb.
Onun sözlərinə görə, Nvidia-nın hesablama gücünə əsaslanan yeni kredit bazarının yaradılması mühüm imkanlar açır.











