Bir il əvvəl itkin düşən qadının qətlə yetirildiyi müəyyənləşib, oğlu saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir il əvvəl itkin düşən qadının qətlə yetirildiyi müəyyənləşib, oğlu saxlanıldı

Qafar Ağayev17:13 - Bu gün
Bir il əvvəl itkin düşən qadının qətlə yetirildiyi müəyyənləşib, oğlu saxlanıldı

Bir il əvvəl itkin düşən şəxsin qəsdən öldürüldüyü müəyyən edilib.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.

İbtidai istintaq zamanı toplanan sübutlarla 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Lyudmila Timofeyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurduğu müəyyənləşdirilib.

Nəticədə qadına ağır xəsarətlər yetirilib və o, aldığı xəsarətlərdən ölüb. Bundan sonra Elnur Məmmədovun meyiti yaşadıqları evin həyətində basdırdığı müəyyən edilib.

İş üzrə keçirilən prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə həmin ünvanda qazıntı işləri aparılıb. Nəticədə orada insan skeleti aşkar edilərək götürülüb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Elnur Məmmədov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması daim diqqət mərkəzində saxlanılır və aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər