Anastasiya Lavrina: “Prezident İlham Əliyev Naxçıvanın strateji rolunu gücləndirir”
"Hələ yaxın keçmişədək Naxçıvanın coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı düşməsi, ilk növbədə, ölkənin strateji həssaslığı kimi qəbul edilirdi".
Bu sözləri 1news.az-a açıqlamasında YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina söyləyib.
O bildirib ki, ölkənin əsas ərazisindən ayrı yerləşən muxtar respublika təhlükəsizlik, enerji təminatı və kommunikasiyalar baxımından xüsusi diqqət tələb edirdi.
"Bu gün isə həmin coğrafiya tədricən üstünlüyə çevrilir: Naxçıvan Cənubi Qafqazın əsas nəqliyyat, enerji və strateji qovşaqlarından birinə çevrilmək imkanı əldə edir.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfərinə - dövlət başçısı kimi artıq on yeddinci səfərinə nəzər salmaq lazımdır. Budəfəki səfər prinsipial olaraq fərqli regional reallıqda baş tutdu. Ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra Azərbaycan növbəti vəzifəyə - əldə olunmuş təhlükəsizliyi uzunmüddətli iqtisadi və geosiyasi üstünlüklərə çevirməyə fokuslana bilər. Səfərin gündəliyi Naxçıvanın bu strategiyada xüsusi yerini aydın şəkildə göstərir.
Lakin Naxçıvanın Azərbaycan dövlətçiliyi üçün əhəmiyyəti bugünkü infrastruktur layihələrindən xeyli əvvəl formalaşıb. Prezident İlham Əliyevin vurğuladığı kimi Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər yetişdirib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib".
"Ümummilli Liderin siyasi fəaliyyətinin həlledici mərhələlərindən biri məhz Naxçıvanla bağlıdır", - deyə Anastasiya Lavrina fikrinə davam edib.
"SSRİ-nin süqutu, müharibə və siyasi qeyri-sabitlik şəraitində Naxçıvan gələcək müstəqil Azərbaycanın siyasi əsaslarının formalaşdığı mərkəzlərdən birinə çevrildi.
Məhz burada 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi və onun bütün Azərbaycanın dövlət bayrağı kimi tanınması məsələsi qaldırıldı. 1991-ci ilin martında Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilmədi ki, bu da Azərbaycanın dövlət müstəqilliyinə aparan yolda daha bir mühüm siyasi addım oldu. Eyni zamanda, muxtar respublikanın rəhbərliyi hərbi təhdidlər, blokada və məhdud kommunikasiyalar şəraitində onun təhlükəsizliyinin təmin edilməsi vəzifəsini həll edirdi.
Bu gün həmin coğrafiya yeni strateji məzmun qazanır. Buna görə də dövlət başçısının Naxçıvana səfərinin əsas istiqamətlərindən biri hərbi amil oldu. Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmaması nəzərə alınmaqla, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi prioritet olaraq qalır. Əlahiddə Ümumqoşun Ordu, müasir texnika ilə təchizat və yeni komando bölmələrinin yaradılması ölkənin Silahlı Qüvvələrinin daha geniş modernləşdirilməsi prosesinin tərkib hissəsidir.
Əgər əvvəllər əsas vəzifə coğrafi təcriddən irəli gələn riskləri minimuma endirmək idisə, bu gün güclü hərbi potensial iqtisadi və infrastruktur inkişafının təməllərindən birinə çevrilir. Naxçıvanın mövqeyini ən ciddi şəkildə dəyişdirə biləcək amil isə yeni kommunikasiyalardır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası regional gündəliyin əsas məsələlərindən birinə çevrildi. Zəngəzur dəhlizi Bakı tərəfindən strateji təşəbbüs kimi irəli sürüldü, 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sammitindən sonra isə proses TRIPP vasitəsilə yeni siyasi çərçivə qazandı.
Bu gün Naxçıvanın əhəmiyyəti Azərbaycanın daxili gündəliyinin hüdudlarını xeyli aşır. Regional reallığın dəyişməsi muxtar respublikaya Cənubi Qafqaz, Türkiyə və İran arasında birləşdirici məkan kimi təbii rolunu bərpa etmək imkanı yaradır. Daha geniş perspektivdə isə Naxçıvan Mərkəzi Asiya, Xəzər və Avropa arasında daha bir bağlantı halqasına çevrilə bilər. Onilliklər boyu coğrafi məhdudiyyət hesab edilən amil tədricən strateji üstünlüyə çevrilə bilər.
Bu, alternativ Avrasiya marşrutlarına tələbatın artdığı bir dövrdə xüsusilə əhəmiyyətlidir. Azərbaycan artıq Transxəzər bağlantılarında mühüm mövqeyə malikdir və Naxçıvan üzərindən keçən istiqamət mövcud sistemi tamamlaya bilər. Bir tərəfdən, Türkiyə vasitəsilə Avropaya, digər tərəfdən isə İran üzərindən Fars körfəzinə və potensial olaraq Cənubi Asiyaya çıxış imkanı yaranır. Bu baxımdan Naxçıvan ayrıca bir nəqliyyat dəhlizi kimi deyil, bir neçə istiqamətin kəsişmə nöqtəsi kimi maraq doğurur.
Bununla yanaşı, strateji məqsəd Naxçıvanı sadəcə tranzit əraziyə çevirmək deyil. Yeni kommunikasiyalar muxtar respublikanın öz inkişafına xidmət etməli, yəni investisiyaları cəlb etməli, sənaye, turizm və kənd təsərrüfatının inkişafını stimullaşdırmalı, yeni iş yerləri yaratmalıdır. Eyni məntiqi energetika sahəsində də görmək mümkündür: tarixən ilk növbədə öz enerji dayanıqlığını təmin etmək məcburiyyətində qalan region bu gün elektrik enerjisi istehsalı və ixracı perspektivi əldə edir. Günəş və hidroenergetikanın inkişafı, eləcə də Türkiyə və İranla mövcud əlaqələr bu imkanları əhəmiyyətli dərəcədə genişləndirir.
O sonda qeyd edib ki, nəhayət, Azərbaycanın daxili iqtisadi coğrafiyası da dəyişir. Zəngilanla Ordubad arasında cəmi 42 kilometr məsafə var, lakin onilliklər davam edən münaqişə bu kiçik məsafəni faktiki olaraq böyük bir ayrılığa çevirmişdi. Yeni reallıqda, dövlət başçısının qeyd etdiyi kimi, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ qarşılıqlı əlaqəli məkanlar kimi inkişaf etmək imkanı əldə edir. Məhz buna görə baş verənlərin əhəmiyyəti bir yolun açılmasından daha genişdir. Söhbət əvvəlki ayrılıq coğrafiyasının tədricən aradan qaldırılmasından və yeni bağlantılar coğrafiyasının formalaşmasından gedir.
Əsas transformasiya da məhz bundan ibarətdir. 1990-cı illərin əvvəllərində Naxçıvan ən mürəkkəb şəraitdə gələcək müstəqil dövlətçiliyin mühüm əsaslarının formalaşdığı məkanlardan birinə çevrilmiş, Ümummilli Lider Heydər Əliyev isə onun siyasi sabitliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamışdı. Bu gün Prezident İlham Əliyev həmin tarixi xətti artıq ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş, uzunmüddətli regional strategiyasını müstəqil şəkildə formalaşdırmağa qadir güclü dövlət şəraitində davam etdirir.
Naxçıvanın coğrafiyası dəyişməyib, onun ətrafındakı geosiyasi reallıq dəyişib. Onilliklər boyu həssaslıq amili kimi qəbul edilən məsələ bu gün strateji üstünlüyə çevrilə bilər. Hərbi potensial təhlükəsizliyi, enerji müstəqilliyi dayanıqlığı, daxili inkişaf iqtisadi bazanı təmin edir, yeni kommunikasiyalar isə bu modelə regional əhəmiyyət qazandırır.
Buna görə də Naxçıvanı getdikcə daha az Azərbaycanın coğrafi baxımdan ayrı düşmüş periferiyası kimi qəbul etmək olar. Cənubi Qafqazın yeni arxitekturasında o, Azərbaycanı, Türkiyəni, Xəzəri, Mərkəzi Asiyanı və daha geniş Avrasiya məkanını birləşdirən əsas strateji qovşaqlardan birinə çevrilə bilər".












