Telman Nüsrətoğlu: Naxçıvan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyada ön plana çıxır | 1news.az | Xəbərlər
Mövqe

Telman Nüsrətoğlu: Naxçıvan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyada ön plana çıxır

Qafar Ağayev17:58 - Bu gün
Telman Nüsrətoğlu: Naxçıvan yeni geosiyasi və geoiqtisadi konfiqurasiyada ön plana çıxır

Regionda və dünyada mühüm strateji dəyişikliklərin baş verdiyi bir dövrdə Prezident İlham Əliyevin Naxçıvana səfərinin zamanlaması xüsusi əhəmiyyət daşıyır.

Bunu 1news.az-a Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib. O, açıqlamasında qeyd edib ki, dövlət başçısının səfər çərçivəsində verdiyi mesajlar Azərbaycanın və Naxçıvanın geosiyasi və geo-iqtisadi baxımdan artan rolunu göstərir.

“Regionda və dünyada çox önəmli strateji dəyişikliklər baş verərkən cənab Prezidentin Naxçıvana səfərinin zamanlaması önəmlidir. Səfər zamanı verilən mesajlar həm Azərbaycanın, həm də Naxçıvanın geo-iqtisadi və geo-strateji baxımdan kritik rolu ilə bağlı çox mühüm məqamları ortaya qoyur”, - deyə Telman Nüsrətoğlu qeyd edib.

Ekspertin sözlərinə görə, Zəngəzur istiqamətinin açılması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə bağlantısını təmin etməklə yanaşı, regionun Türkiyə və Avropa ilə iqtisadi əlaqələrində də yeni imkanlar yaradacaq:

“Cənab Prezident səfəri zamanı ABŞ Prezidenti Donald Trampla son danışıqlarına da toxundu və Trampın bu il ərzində Ermənistandan keçən TRIPP layihəsinin 42 kilometrlik hissəsində tikinti işlərinə başlanılacağını bəyan etdiyini bildirdi. Zəngəzur istiqamətinin açılması ilə Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşir, Türkiyə və Avropa ilə daha sıx iqtisadi bağlar və ticarət imkanları ön plana çıxmağa başlayır”.

O bildirib ki, Culfa üzərindən İran istiqamətində mövcud bağlantı da Naxçıvana Şimal-Cənub xətti üzrə əlavə strateji imkanlar qazandırır.

“Cənab Prezidentin çıxışında Şimal-Cənub və Qərb-Şərq dəhlizləri, yolları baxımından Naxçıvanın əhəmiyyəti ilə bağlı vurğuladığı məqamlar çox önəmlidir. Azərbaycan uzun zamandır xarici siyasətində qarşıdurma və konfrontasiyanı deyil, birlik, əməkdaşlıq, qonşuluq münasibətləri və qarşılıqlı fayda prinsiplərini ön plana çıxaran bir konsepsiyanı həyata keçirir”, - deyə Telman Nüsrətoğlu vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan hazırda dünyada və regionda gedən geosiyasi proseslər fonunda Zəngəzur istiqamətindən bütün maraqlı tərəflərin faydalana biləcəyi mesajını verir:

“Geosiyasi kataklizmlərin və mübarizələrin baş verdiyi bir dövrdə Azərbaycan bütün maraqlı ölkələrə və tərəflərə mesaj verir ki, Zəngəzur dəhlizindən hər kəs faydalana bilər. Bu, Azərbaycanın əməkdaşlığa və qarşılıqlı qazanma prinsipinə əsaslanan siyasətinin mühüm göstəricisidir”.

Telman Nüsrətoğlu Prezident İlham Əliyevin Naxçıvanın təhlükəsizliyi ilə bağlı verdiyi mesajın da xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Təhlükəsizliyin ön plana çıxdığı bir dövrdə cənab Prezident Azərbaycanın regionun ən güclü ordularından birinə sahib olduğunu və Naxçıvanın təhlükəsizliyinin Azərbaycanın qırmızı xətti olduğunu bəyan etdi. Bu mesaj olduqca önəmlidir”.

Onun sözlərinə görə, Naxçıvanın Şərqi Zəngəzurla birlikdə yeni inkişaf konsepsiyasının mərkəzində yerləşdirilməsi də xüsusi diqqət çəkir:

“Digər mühüm mesaj Naxçıvanın Şərqi Zəngəzurla birlikdə yeni inkişaf konsepsiyasının mərkəzində yerləşdirilməsidir. Eyni zamanda Naxçıvan Azərbaycanın günəş enerjisi və elektrik enerjisi baxımından ən əlverişli məkanlarından biridir. Buraya, xüsusilə özəl sektor başda olmaqla, çox ciddi investisiyaların yatırılması üçün geniş imkanlar var”.

Mərkəz sədri hesab edir ki, Naxçıvan yeni geosiyasi konfiqurasiyada geo-iqtisadi dəyişikliklərin ön plana çıxardığı, gələcəyi və inkişaf perspektivləri parlaq olan bir bölgəyə çevrilir.

“Cənab Prezidentin səfərində tarix, mədəniyyət və Naxçıvanın böyük şəxsiyyətləri ilə bağlı mühüm mesajlar da var. Lakin məncə, ən ön plana çıxan istiqamətlər təhlükəsizlik, geo-iqtisadi və geo-strateji dəyişikliklər, eləcə də bu proseslərdə Naxçıvanın yeri və rolu ilə bağlıdır”, - deyə Telman Nüsrətoğlu əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm obyektlərin açılışını edib, yeni layihələrin təməlini qoyub. Eyni zamanda, Prezident səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər