9 yaşlı qızın ögey anası tərəfindən döyüldüyü iddiasına komitədən REAKSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

9 yaşlı qızın ögey anası tərəfindən döyüldüyü iddiasına komitədən REAKSİYA

Oksana Orucova17:03 - Bu gün
9 yaşlı qızın ögey anası tərəfindən döyüldüyü iddiasına komitədən REAKSİYA

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 9 yaşlı qızın ögey anası tərəfindən fiziki zorakılığa məruz qaldığına dair iddialar yayılıb.

1news.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan məlumat aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Araşdırma çərçivəsində qurum nümayəndələri uşaq və ailəsi ilə görüşüb, məsələ ilə bağlı ətraflı söhbət aparılıb.

Bildirilib ki, uşağın dizində və əlində müşahidə olunan sıyrıqların yaranma səbəbi soruşulduqda, azyaşlı skuterlə hərəkət edərkən yıxıldığını deyib.

Bununla belə, uşağın zorakılığa məruz qalıb-qalmadığının dəqiq müəyyənləşdirilməsi məqsədilə onun tibbi ekspertizaya göndərilməsi qərara alınıb.

Qeyd olunub ki, məsələ aidiyyəti qurumların nəzarətindədir.

-----------

11:50

Sosial şəbəkələrdə 9 yaşlı M. Əliyevanın ögey anası tərəfindən zorakılığa məruz qaldığı barədə paylaşım yayılıb.

1news.az xəbər verir ki, bu məsələ ilə bağlı paylaşımı jurnalist Elnurə Abuşova edib.

Paylaşımda bildirilir ki, anasını itirən M. bir müddət başqa ailənin himayəsində olub. Daha sonra atası yenidən ailə qurub. İddiaya görə, bundan sonra qız ögey anasının fiziki zorakılığına məruz qalıb.

Uşağın burnunun sındığı, bədənində göyərmələrin olduğu və saçlarının ikinci dəfə dibdən kəsildiyi iddia edilir. M.-nin ögey anasının onu döydüyünü söylədiyi, lakin atasının uşağın sözlərinə inanmadığı da qeyd olunur.

Paylaşımda həmçinin uşağın məktəbə getməkdə problemlər yaşadığı və günün böyük hissəsini küçədə keçirdiyi bildirilir. Qonşuların sözlərinə görə, M. səhər saat 10-dan axşam saat 10-a qədər küçədə qalır. Uşağın isə “Ülkər deyir, evə gəlmə” dediyi iddia olunur.

Hadisə ilə bağlı daha əvvəl polisə və “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə müraciət edildiyi bildirilib. İddiaya görə, əvvəlki müraciət zamanı uşaq psixoloqun iştirakı olmadan dindirilib və araşdırma nəticəsiz başa çatıb.

Paylaşımın müəllifi uşağın ailədən alınmasını deyil, məsələyə ciddi yanaşılmasını və onun təhlükəsizliyinin təmin edilməsini istəyib.

Məsələ ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyinin əməkdaşlarının müraciət müəllifi ilə əlaqə saxladığı bildirilib. DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, qurum hadisədən xəbərdardır və hazırda araşdırma aparılır.

Qeyd edək ki, uşağa qarşı zorakılıqla bağlı iddialar hələlik rəsmi olaraq təsdiqlənməyib.

Paylaş:
133

Son xəbərlər

Bütün xəbərlər