Regional aktordan qlobal oyunçuya: Azərbaycanın ŞƏT-dəki yeni statusu, Bişkeklə münasibətlərdə yeni mərhələ - ŞƏRH
“25 illiyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün əməkdaşlıq platformasından çoxqütblü dünyanın mühüm mərkəzinə çevrilir”.
Bunu 1news.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, ŞƏT-in 25 illik yubileyi çərçivəsində keçirilən sammit təşkilatın keçdiyi inkişaf yolunu və qarşıdakı dövr üçün prioritetlərini müəyyənləşdirmək baxımından mühüm siyasi əhəmiyyət kəsb edir:
“2001-ci ildə əsasən sərhədlərin təhlükəsizliyi və qarşılıqlı etimad məsələləri ətrafında formalaşan ŞƏT bu gün daha fərqli mərhələyə qədəm qoyur. Belə ki, burada geniş geosiyasi, iqtisadi və təhlükəsizlik gündəliyinə məxsus məsələlərin müzakirəsinin şahidi oluruq. Təşkilatın əsas xüsusiyyəti onun coğrafi əhatəsinin və siyasi çəkisinin sürətlə artmasındadır. Dünya əhalisinin 40 faizindən çoxunu, həmçinin qlobal ÜDM-in təxminən dörddə birini əhatə edən təşkilat yalnız regional əməkdaşlıq mexanizmi kimi başa düşülə bilməz. Rusiya, Çin, Hindistan, İran və Mərkəzi Asiya kimi ölkələrin eyni platformada təmsil olunması təşkilata Avrasiyanın siyasi və iqtisadi proseslərinə təsir göstərmək üçün ciddi imkanlar verir”.
Politoloq qeyd edib ki, belə böyük və inkişaf edən bir təşkilatda orta güc olaraq Azərbaycanın təmsil olunması ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir:
“Belə böyük və inkişaf edən bir təşkilatda orta güc olaraq Azərbaycanın təmsil olunması, şübhəsiz ki, dövlətimizin artan gücündən və nüfuzundan xəbər verir. Habelə, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, illər ərzində əldə edilən uğurlar Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın təmsil olunmasını şərtləndirdiyi qədər, həm də Azərbaycan Liderinin vizionuna yaranan ehtiyacdan xəbər verir”.
ŞƏT çoxqütblü dünyanın nüfuzlu mərkəzlərindən biridir
Ş.Həsənova vurğulayıb ki, dünya liderləri tərəfindən ŞƏT formalaşmaqda olan çoxqütblü dünyanın nüfuzlu mərkəzlərindən biri kimi təqdim edilir:
“Şübhəsiz ki, bu, təşkilatın geosiyasi rolunun artdığından xəbər verir. Təkqütblü dünyanın beynəlxalq sistemə qəbul etdirilməyə çalışıldığı bir məqamda ŞƏT-in beynəlxalq düzənə alternativ siyasi və iqtisadi əlaqə platforması kimi təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, təşkilatın gələcəyini bir və ya bir neçə aktorla deyil, çoxsaylı aktorlarla əlaqələndirmək lazımdır:
“Bu baxımdan, təşkilatın gələcəyini bir və ya bir neçə aktorla deyil, çoxsaylı aktorlarla əlaqələndirmək lazımdır. Qərb maliyyə sistemindən asılılığın azaldılması, mürəkkəb kombinasiyaların və proseslərin hamarlaşdırılması, bank mexanizmləri və qarşılıqlı investisiya imkanlarının daha da genişləndirilməsi əsas məsələlərdən biridir”.
Politoloq bildirib ki, formalaşan yeni təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi də müzakirə mövzularından biridir:
“Çünki gündəliyi getdikcə hərbi-siyasi məsələlərə yaxınlaşan ŞƏT artıq daha ciddi problemlərlə məşğul olur. Bu baxımdan, üzv dövlətlərin təhlükəsizlik prioritetləri və xarici siyasət maraqları heç də həmişə üst-üstə düşməsə də, belə toplantılar fikir mübadiləsi aparmaq baxımından önəm kəsb edir. Yəni, vahid siyasi mövqenin formalaşdırılması mühüm amildir”.
Ticarət və logistika əsas istiqamətlərdəndir
Ş.Həsənova qeyd edib ki, ticarətin asanlaşdırılması, logistika dəhlizlərinin inkişafı, rəqəmsal sənəd dövriyyəsi və gömrük prosedurlarının sadələşdirilməsi ŞƏT-in praktiki effektivliyini müəyyən edən əsas məsələlərdəndir:
“Ticarətin asanlaşdırılması, logistika dəhlizlərinin inkişafı, rəqəmsal sənəd dövriyyəsi, gömrük prosedurlarının sadələşdirilməsi, habelə terrorizmlə mübarizə kimi məsələlər təşkilatın praktiki effektivliyini müəyyən edir. Mərkəzi Asiyanın rolu getdikcə güclənir. Həm coğrafi mövqeyi, həm təbii resursları, həm də nəqliyyat və logistika layihələrinin inkişafı baxımından sözügedən regionun əhəmiyyəti daha da artır”.
O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri bəllidir. Bu istiqamətdə cənab Prezident İlham Əliyevin reallaşdırdığı səfərlər, habelə buna qarşılıq olaraq Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana səfərləri ondan xəbər verir ki, sadəcə ayrı-ayrı dövlətlərin deyil, iki regionun bir-birinə inteqrasiyasından söz gedir”.
ŞƏT-in qarşısında əsas vəzifə effektiv qərarvermə mexanizmi yaratmaqdır
Politoloqun sözlərinə görə, ŞƏT-in əsas məqsədi yalnız genişlənmək deyil, genişlənmiş formatda effektiv qərarvermə mexanizminin yaradılması olmalıdır:
“Bu baxımdan, ŞƏT-in əsas məqsədi sadəcə genişlənmək deyil, genişlənmiş formatda effektiv qərarvermə mexanizminin yaradılması mühüm əhəmiyyət kəsb edir. ŞƏT siyasi dialoqu, iqtisadi inteqrasiyanı, nəqliyyat bağlantılarını, rəqəmsal əməkdaşlığı, təhlükəsizlik mexanizmlərini praktiki nəticələrə çevirə bilən bir təşkilat olarsa, o zaman çoxqütblü beynəlxalq sistemin dayaqları daha da möhkəmlənəcək”.
Ş.Həsənova vurğulayıb ki, ŞƏT iştirakçı dövlətlərinin rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi baxımından da mühüm platformadır:
“ŞƏT iştirakçı dövlətlərinin rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq iki dövlət münasibətlərində qarşıdurmadan əməkdaşlığa keçid üçün real imkanlar mövcuddur. 20 min tondan çox neft məhsulunun Ermənistana ixrac olunması iqtisadi münasibətlərin yeni mərhələsindən xəbər verir. Qarşıda duran TRIPP layihəsinin reallaşdırılması, nəqliyyat layihələrinin icra edilməsi regional təhlükəsizliyin təmin olunmasına, habelə iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə gətirib çıxaracaq”.
Azərbaycanın iqtisadi müstəqilliyi xarici siyasətin əsas dayaqlarındandır
Ş.Həsənova Azərbaycanın müstəqil xarici siyasət yürütməsinin əsas dayaqlarından birinin iqtisadi müstəqillik olduğunu deyib:
“Azərbaycan müstəqil xarici siyasət yürüdür və bu siyasətin əsas dayaqlarından biri bizim iqtisadi müstəqilliyimizdir. Zamanında Ümummilli Lider Heydər Əliyev olduqca düzgün yol seçərək güclü iqtisadiyyat yaratmağı əsas prioritet olaraq müəyyənləşdirmişdi. Məhz bu düzgün müəyyənləşdirmənin nəticəsidir ki, bu gün milli maraqlarımızı daha qətiyyətlə müdafiə edirik”.
Bakı-Bişkek münasibətlərində yeni mərhələ
Politoloq Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfərinin də xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Şübhəsiz ki, səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı baxımından da xüsusi diqqətə layiqdir. Avqustun 31-də cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və bu səfər çərçivəsində prezidentlərin imzaladıqları müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsindən xəbər verir”.
O qeyd edib ki, dövlət başçılarının gündəliyi kifayət qədər genişdir və Azərbaycan-Qırğızıstan münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ciddi potensial mövcuddur:
“Dövlət başçılarının gündəliyi kifayət qədər genişdir. Qırğızıstan Prezidenti Sadır Japarovla görüş iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Qırğızıstan arasında iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, logistika, enerji, turizm, kənd təsərrüfatı, humanitar və başqa sahələr üzrə əməkdaşlıq genişləndirilir. Əsas məsələ ondan ibarətdir ki, bu genişləndirmə üçün ciddi potensial mövcuddur”.
Ş.Həsənova əlavə edib ki, Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi iştirakı və üzv dövlətlərin böyük əksəriyyəti ilə yüksək səviyyəli münasibətlərə malik olması ölkəmizə yeni imkanlar yaradır:
“Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı kimi iştirak edir və üzv dövlətlərin böyük əksəriyyəti ilə yüksək səviyyəli münasibətlərə malikdir. Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin qarşısında dayanan çağırışlardan biridir. Bu çağırış bizə, Avrasiyaya yeni imkanlar təqdim edir. Bakı-Bişkek münasibətlərində tamamilə yeni mərhələnin açıldığından söhbət gedir. Şübhəsiz ki, bu səfər həm ŞƏT və üzv dövlətlərlə münasibətlərin inkişafı, həm də Bakı-Bişkek münasibətlərinin inkişafı baxımından xüsusi diqqətə layiqdir”.








