Şəki yaylasındakı faciədən sonra diqqətçəkən iddia: “Həmin gün çəkdiyim bütün kadrlar silinmişdi”
Sentyabrın 8-də “Şəki yaylası” istirahət mərkəzində baş verən hadisə nəticəsində 27 yaşlı Ucal Bayramov və onun 30 yaşlı dostu Coşqun Məmmədov həyatını itirib.
1news.az xəbər verir ki, Ucal Bayramovun atası, Azərbaycan Universitetinin müəllimi Asif Bayramov hadisə ilə bağlı öz sosial şəbəkə hesabında paylaşım edib.
Asif Bayramov paylaşımında oğlunun və onun dostunun həyatını itirməsindən yazaraq, hadisənin bütün təfərrüatlarının araşdırılmasının vacibliyini vurğulayıb.
O, hadisə zamanı şahidlərdən birinin yaşadıqlarını da paylaşaraq, həmin şəxsin özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və telefonunda çəkiliş edib-etmədiyini soruşduğunu yazıb.
Şahidin sözlərinə görə, həmin şəxs daha sonra telefonunu istəyib:
“Dərd içində çırpındığım o anlarda bir nəfər mənə yaxınlaşdı. O, özünü hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək məndən ‘Telefonuna nəsə çəkmisənmi?’ deyə soruşdu. Dərdin ağırlığından əyilmiş başımı qaldırıb bu sualı verəni daha aydın görmək istədim. Lakin bu yük altında əzilən başımı qaldırmağa heyim yox idi. Yalnız ‘hə, çəkmişəm’ mənasında başımı zorla tərpədə bildim. ‘Onda telefonunu ver baxım’, - dedi”.
Paylaşımda qeyd olunur ki, hadisədən sonra şahid telefonunda həmin gün çəkdiyi görüntülərin silindiyini görüb.
“Nişanlımın dəfnindən sonra ‘Şəki yaylası’nda faciə baş verənə qədər telefonuma çəkdiyim xoşbəxt anlarıma dönmək, o sevimli anlarıma dərdimlə bir yerdə ağlamaq istədim. Bilmirəm, bu bəlkə həm də nədəsə təskinlik tapmaq axtarışım idi. Hələ də aydınlaşmamış zehnimdə sonacan ayırd edə bilmədiyim bir istəklə telefonumu açdım. Ancaq kaş açmazdım. Həyatımın bu ağır anında növbəti şoku yaşadım. Kanatın qırıldığı və faciənin anlarını özündə yaşada biləcək kadrlarla birgə telefonumun yaddaşından həmin gün çəkdiyim bütün kadrlar silinmişdi. Özü də yalnız mənim telefonumdan deyil, göndərdiyim bütün ünvanlardan silinmişdi”, - deyə şahid bildirib.
Asif Bayramov hadisə ilə bağlı bir sıra sualların cavablandırılmasının vacibliyini qeyd edib.
“İnsanı qətlə yetirməklə yetinməyərək, insanlığı da qətlə yetirən bu məxluqlar kimlərdir? Düşməndirmi? Düşməndirsə, onun adı nədir? Bəlkə harınlıqdır? Bəlkə sərvət, dövlət? Bəlkə cəzasız qalacağına əminlikdir? Bəlkə pulun şərəf və ləyaqət duyğusunu gəmirdiyi, parçaladığı reallıqdır? İlahi, bu qədər qansızlıq, zalımlıq, qana yerikləmə kimdən doğuldu?”, - deyə o yazıb.
O, paylaşımının sonunda dövlətə müraciət edərək hadisənin bütün tərəflərinin araşdırılmasını və ədalətin təmin olunmasını istəyib.












