Deputat: Bu, təkcə əməkhaqqının artırılması deyil, həm də həkim əməyinə və peşəkarlığına verilən qiymətdir | 1news.az | Xəbərlər
Mövqe

Deputat: Bu, təkcə əməkhaqqının artırılması deyil, həm də həkim əməyinə və peşəkarlığına verilən qiymətdir

Qafar Ağayev14:45 - Bu gün
Deputat: Bu, təkcə əməkhaqqının artırılması deyil, həm də həkim əməyinə və peşəkarlığına verilən qiymətdir

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu kimi ölkənin bütün sahələr üzrə inkişaf konsepsiyasını işləyib hazırlayarkən insan sağlamlığını və səhiyyəni sosial siyasətində hər zaman ön planda tutub”.

 Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, bu gün də Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial siyasətinin əsasını insan amili, onun rifahı və sağlamlığı təşkil edir.

“Sağlamlığının keşiyində duran məhz həkimlərdir. Təbii ki, həkimlərin əməyini qiymətləndirmək, onların peşəkarlığına qiymət vermək də dövlətimizin üzərinə götürdüyü qayğının mühüm istiqamətlərindən biridir. Çünki Azərbaycan səhiyyəsi elə bir səviyyəyə gəlib çatıb ki, artıq ən ucqar regionlarda belə müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri, xəstəxanalar və ambulatoriyalar fəaliyyət göstərir. Bu, səhiyyənin inkişafının mühüm göstəricisidir. Bununla yanaşı, bu gün qarşımızda duran əsas məsələlərdən biri də həkim çatışmazlığının aradan qaldırılmasıdır”, - deyə deputat qeyd edib.

İ.Məmmədovun sözlərinə görə, sovet dövründə planlı təsərrüfat sistemi çərçivəsində bölgələrə həkimlərin göndərilməsi konkret plan əsasında həyata keçirilirdi.

“Lakin hazırda bazar iqtisadiyyatı şəraitində belə planlı bölgü mümkün deyil və insanın, həkimin seçim hüququ azaddır. Buna görə də dövlət tərəfindən müəyyən dəstəyin göstərilməsi, həkimlər üçün motivasiyaların yaradılması vacibdir. Hesab edirəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu narahatlıqları görərək belə bir təşəbbüslə çıxış edib. Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyib. Bu gün mətbuatda da geniş şəkildə işıqlandırılan həkimlərin əməkhaqqının artırılması prosesi məhz bu yanaşmanın nəticəsidir. Bu, təkcə əməkhaqqının artırılması deyil, həm də həkim əməyinə və peşəkarlığına verilən qiymətdir”, - deyə o vurğulayıb.

Deputat qeyd edib ki, həkimlərin əməkhaqqının artırılması regionlarda insanların səhiyyə sisteminə əlçatanlığının və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də mühüm töhfə verəcək.

“Bu, eyni zamanda, tibbi infrastrukturun inkişaf etdirilməsi deməkdir. Biz regionlar deyəndə yalnız Bakı şəhərinin mərkəzindən uzaqda yerləşən şəhər və qəsəbələrimizi nəzərdə tutmuruq. Bu gün söhbət 30 ildən artıq işğal altında olmuş torpaqlarımızdan, Ali Baş Komandanımız, Zəfər sərkərdəmiz və şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdən gedir. Həmin ərazilərdə bu gün Böyük Qayıdış prosesi həyata keçirilir. Bu qayıdışı həyata keçirən də insanlardır”, - deyə İ.Məmmədov bildirib.

O əlavə edib ki, azad edilmiş ərazilərdə infrastrukturun qurulmasında iştirak edən və həmin ərazilərdə yaşayan insanların sağlamlığının qorunması xüsusi əhəmiyyət daşıyır.

“Orada yaşayan insanlar sağlam şəraitdə yaşamalıdır və onların sağlamlığının keşiyində duran məhz həkimlərdir. Hesab edirəm ki, bu gün həyata keçirilən təşəbbüs, Mehriban xanımın təşəbbüsü və TƏBİB-in İcraçı direktoru Anar Bayramovun islahatlar çərçivəsində əməkhaqqının artırılmasının vacibliyini qeyd etməsi mühüm əhəmiyyət daşıyır. O, bu gün keçirilən mətbuat konfransında bu təşəbbüsün və Prezident İlham Əliyevin tapşırığının uğurla həyata keçirilməsi üçün TƏBİB rəhbərliyinin səfərbər olduğunu xüsusi vurğulayıb. Bu yanaşma səhiyyə sistemində çalışan insanların əməyinə verilən dəyərin göstəricisidir. Əminəm ki, bu islahatlar həm həkimlərin motivasiyasını artıracaq, həm də səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsir göstərəcək”, - deyə deputat söyləyib.

İ.Məmmədov Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü də ifadə edib.

“Biz də həkimlərimizin adından Prezident İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xüsusi təşəkkürümüzü çatdırırıq. Bir millət vəkili, səhiyyə komitəsinin üzü kimi, eyni zamanda həkim kimi bunu özümə borc bilirəm. Artıq bu məlumatlar mətbuatda yayılandan sonra yüzlərlə seçici və həkim mənə zəng edərək bu qərarı yüksək qiymətləndirdiklərini bildiriblər. Onlar bu təşəbbüsün həkimlər üçün mühüm motivasiya olduğunu qeyd ediblər. Seçicilərimiz və həkimlərimiz Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya xüsusi təşəkkürlərini çatdırmaq istəyirlər. Bu münasibət səhiyyə işçilərinin dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini göstərir”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində yeni islahat həyata keçirilir. 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq yeni əməkhaqqı qaydaları 72 212 tibb işçisini əhatə edəcək, TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu isə 189 milyon manat artırılacaq.

İslahat tibb işçilərinin sosial rifahının yüksəldilməsi, əməyinin daha yüksək qiymətləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.

Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutulur. Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrə və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq ediləcək. Bu mexanizmlər tibb işçilərinin regionlara cəlb olunmasına və əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edəcək.

Yeni əməkhaqqı islahatı son illərdə tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır və dövlətin səhiyyə sahəsinə, tibb işçilərinə və insan kapitalının inkişafına göstərdiyi diqqət və qayğının növbəti mühüm göstəricisidir.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər