Pərviz Şahbazov: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın “yaşıl” keçidinin əsas əraziləridir
“Hazırda təxminən 8 giqavat gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemlərinin tətbiqi, enerji sisteminin çevikliyinin artırılması və yeni interkonnektorların yaradılması istiqamətində işlər aparılır”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində çıxışı zamanı deyib.
Nazir bildirib ki, görülən işlərin nəticələri artıq Azərbaycanın enerji balansında özünü göstərir.
“Cari ilin sonunadək külək enerjisi istehsalının təxminən 6 dəfə artacağını, günəş enerjisi istehsalının isə 26 faizdən çox yüksələcəyini gözləyirik”, - deyə P.Şahbazov qeyd edib.
Onun sözlərinə görə, gələn ilin sonunadək günəş və külək enerjisi üzrə təxminən 2 giqavat gücün enerji şəbəkəsinə inteqrasiyası nəzərdə tutulur.
“Bu, hər il 2,4 milyon ton emissiyanın azaldılmasına imkan verəcək. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın “yaşıl” keçidinin əsas əraziləridir. Burada bərpa prosesləri ilə enerji və iqlim siyasəti bir-biri ilə üzvi şəkildə uzlaşır”, - deyə energetika naziri vurğulayıb.
P.Şahbazov qeyd edib ki, Naxçıvanda “yaşıl” enerji zonasının yaradılması konsepsiyasının həyata keçirilməsi istiqamətində də ardıcıl addımlar atılır.
Foto: Nadir İbrahimli











