Myanma ordusunun Arakanda hava zərbəsi: 50 nəfər ölüb
Myanma ordusunun Arakan əyalətində bazar, məktəb və yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində 50 nəfər həlak olub, ən azı 58 nəfər yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Myanmada 2021-ci ildə baş verən hərbi çevrilişdən sonra başlayan vətəndaş müharibəsi davam edərkən, ölkənin Arakan əyalətində gərginlik yenidən artıb.
Myanma ordusu Arakan əyalətində hava zərbələri həyata keçirib. Ordu ilə Arakan Ordusu arasında döyüşlərin davam etdiyi Kyauktav qəsəbəsinə endirilən hava zərbələri nəticəsində 50 nəfərin öldüyü, ən azı 58 nəfərin yaralandığı bildirilib.
Arakan Ordusunun sözçüsü Kine Thu Kha bildirib ki, Myanma ordusu hava hücumları zamanı sıx məskunlaşmış bazarları, məktəbləri, mülki şəxsləri və yaşayış məntəqələrini qəsdən hədəfə alıb.
Sözçü əlavə edib ki, Arakan Ordusu mülki şəxslərin bombalanmasına görə məsuliyyət daşıyan ordu və digər qüvvələrə qarşı cavab vermək üçün əlində olan bütün imkanlardan istifadə edəcək.
Myanma hökuməti hücumla bağlı hələlik açıqlama verməyib.
Myanma ordusu daha əvvəl yaydığı açıqlamalarda hava əməliyyatları zamanı mülki şəxslərin zərər görməməsi üçün maksimum diqqət göstərdiyini bildirmişdi.












