İqtisadi inkişafdan qlobal investisiyalara: Azərbaycanın yeni investisiya imkanları - ŞƏRH
“Azərbaycanın son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolu ölkənin investisiya imkanlarının genişlənməsinə də şərait yaradıb”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib:
“Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşına düşən ÜDM 900 dollardan 7 500 dollara yüksələrək səkkiz dəfədən çox artıb. Xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Yoxsulluq səviyyəsi isə 45 faizdən təxminən 5 faizə enib”.
P.Vəliyevanın sözlərinə görə, bu nəticələrin formalaşmasında ölkəyə cəlb olunan investisiyalar mühüm rol oynayıb:
“Son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb. Bununla yanaşı, sosial proqramlara, müdafiə sahəsinə, yollara, elektrik və su təchizatına, dəmir yollarına, məktəblərə və xəstəxanalara böyük həcmdə dövlət vəsaiti yönəldilib”.
Deputat qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası da ölkənin gələcək iqtisadi inkişafı baxımından mühüm istiqamətlərdən biridir:
“Bu ərazilərin bərpasına 26 milyard manat həcmində vəsait ayrılıb, növbəti ilin dövlət büdcəsindən isə bu sahəyə 3,4 milyard manat vəsait nəzərdə tutulur. Bu genişmiqyaslı investisiyalar yalnız mövcud infrastrukturun yenilənməsinə deyil, həm də gələcək iqtisadi fəallıq və yeni investisiya imkanlarının formalaşmasına xidmət edir”.
Pərvanə Vəliyeva Azərbaycanın investisiya imkanlarının artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını vurğulayıb:
“Bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, rəqəmsal infrastruktur və süni intellekt kimi sahələr yeni investisiya istiqamətləri kimi önə çıxır. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının olması, həmçinin ölkəmizin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın regional investisiya imkanlarını artırır”.
Deputat II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun da bu baxımdan əhəmiyyətini qeyd edib:
“25–26 sentyabr 2026-cı ildə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal investorları, beynəlxalq maliyyə institutlarını və biznes liderlərini bir araya gətirdi. Təxminən 30 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edən investorların iştirakı Azərbaycanın investisiya imkanlarına beynəlxalq marağın miqyasını göstərir. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması da mühüm göstəricidir”.
P.Vəliyeva bildirib ki, Azərbaycanın qlobal infrastruktur kapitalı ilə əməkdaşlığı da genişlənir:
“2026-cı ilin yanvarında Davosda ARDNF, BlackRock və Global Infrastructure Partners arasında uzunmüddətli əməkdaşlıq üzrə niyyət protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində xarici infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3–4 il ərzində 1,5 milyard dollara qədər kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur”.
O qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi nəqliyyat və logistika sahəsində yeni investisiya imkanları yaradır:
“Azərbaycan Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa bazarları ilə əlaqələndirən daha geniş iqtisadi məkanın mühüm hissəsidir. Nəqliyyat, logistika, enerji, hava limanları, data mərkəzləri və süni intellekt infrastrukturu kimi sahələrdə ölkəmizin əhəmiyyəti artır. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, 2030-cu ilədək isə 25 milyon tona yüksəldilməsinin hədəfləndiyi bildirilir”.
Deputat Azərbaycan–Ermənistan arasında nəqliyyat bağlantılarının genişlənməsinin də regional iqtisadi əlaqələr baxımından yeni imkanlar yarada biləcəyini bildirib:
“Belə bağlantılar Transxəzər marşrutunun inkişafına və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında daha geniş nəqliyyat-logistika şəbəkəsinin formalaşmasına töhfə verə bilər. Son günlərdə Nyu-Yorkda Azərbaycan, Ermənistan, Gürcüstan, Mərkəzi Asiyanın beş ölkəsi və 40-dan çox şirkətin TRIPP və daha geniş Transxəzər marşrutuna investisiya məsələlərini müzakirə etmək üçün bir araya gəlməsi də bu prosesin iqtisadi ölçüsünün genişləndiyini göstərir”.
Pərvanə Vəliyevanın sözlərinə görə, Azərbaycanın maliyyə dayanıqlığı və proqnozlaşdırılan biznes mühiti investisiya imkanlarının reallaşdırılması baxımından mühüm amillərdir:
“Xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz olması və valyuta ehtiyatlarının xarici borcu təxminən 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığının əsas göstəricilərindəndir. Milli valyutanın 2017-ci ilin aprelindən ABŞ dollarına nisbətdə 1,7 manat səviyyəsində sabit qalması da vacib amillərdən biridir”.
Deputat əlavə edib ki, növbəti mərhələdə əsas hədəflərdən biri iqtisadi şaxələndirmənin sürətləndirilməsi olmalıdır:
“Azərbaycanın son 20 ildə formalaşdırdığı iqtisadi və maliyyə bazası, geniş infrastruktur imkanları, əlverişli coğrafi mövqeyi, yeni enerji və rəqəmsal iqtisadiyyat istiqamətləri ölkənin növbəti mərhələdə investisiya siyasətinin əsas dayaqlarıdır. Qarşıdakı əsas məsələ mövcud potensialı daha çox qeyri-neft sektoruna, yüksək texnologiyalara, logistika və yaşıl enerjiyə yönəldərək iqtisadi şaxələndirməni sürətləndirməkdir. ÜDM-in 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşsə də, ixracın 90 faizindən çoxunun hələ də neft və qazın payına düşməsi bu istiqamətdə qarşıda mühüm vəzifələrin olduğunu göstərir”.








