Fransada etirazlar genişlənir: Dövlət işçiləri və tələbələr küçələrə çıxdı | 1news.az | Xəbərlər
Dünya

Fransada etirazlar genişlənir: Dövlət işçiləri və tələbələr küçələrə çıxdı

Qafar Ağayev17:52 - Bu gün
Fransada etirazlar genişlənir: Dövlət işçiləri və tələbələr küçələrə çıxdı

Fransada dövlət işçiləri və məmurlar maaş artımı və əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə ölkə üzrə tətilə çıxıblar.

1news.az xəbər verir ki, Paris başda olmaqla ölkənin təxminən 170 nöqtəsində etiraz aksiyaları keçirilib.

Etirazlar bütün əsas həmkarlar ittifaqlarını birləşdirən qurumun çağırışı ilə təşkil olunub. Aksiyaların əsas səbəblərindən biri dövlət sektorunda maaşların uzun müddətdir kifayət qədər artırılmaması və işçilərin alıcılıq qabiliyyətinin azalmasıdır.

Etirazçılar həmçinin səhiyyə, təhsil və təhlükəsizlik sahələrindəki problemlərin həllini və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Aksiyalarda “Silaha deyil, insana investisiya” şüarları səsləndirilib.

Nümayişlərə polis və yanğınsöndürənlər də qoşulublar. Yanğınsöndürənlər aşağı əməkhaqqı və təhlükəsizlik problemlərindən, polis əməkdaşları isə iş şəraiti və maaşlardan narazılıqlarını bildiriblər.

Xəstəxanalarda təcili yardım şöbələrində gözləmə müddətlərinin artması, məktəblərdə isə müəllim çatışmazlığı, aşağı maaşlar və siniflərin həddindən artıq yüklənməsi əsas problemlər sırasında göstərilib.

Etirazlara tələbələr də qatılıb. Bəzi aksiyalarda “Azad Fələstin” şüarları səsləndirilib və Fələstin bayraqları qaldırılıb.

Dəmir yolu işçilərinin tətilə qoşulması səbəbindən nəqliyyatda da məhdudiyyətlər yaranıb. Parisdə RER və RATP xətləri fəaliyyətini davam etdirsə də, reyslərin intervalı artırılıb.

Həmkarlar ittifaqları hökumətə tələblərə münasibət bildirmək üçün 48 saat vaxt verib və əks halda aksiyaların davam etdiriləcəyini açıqlayıblar.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər