Nigar Arpadarai: “Azərbaycan həmişə dialoq platforması olub və olaraq qalır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Arpadarai: “Azərbaycan həmişə dialoq platforması olub və olaraq qalır”

Faiqə Məmmədova13:48 - Bu gün
Nigar Arpadarai: “Azərbaycan həmişə dialoq platforması olub və olaraq qalır”

“Azərbaycanın artıq üçüncü dəfə Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməsi ilə qürur duyuruq. Ümumilikdə, son illərdə dünyada müxtəlif şəhər və regionlarda iqlim həftələrinin keçirilməsi tendensiyası formalaşıb. Məsələn, Londonda, Nyu-Yorkda böyük iqlim həftələri keçirilir, Rio-de-Janeyroda da belə tədbirlər təşkil olunub”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, COP29 üzrə yüksək səviyyəli iqlim elçisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) və “Baku Climate Action Week 2026” çərçivəsində Bakı İqlim Fəaliyyəti Həftəsi layihəsinin rəhbəri Nigar Arpadarai Bakıda keçirilən tədbirlər çərçivəsində 1news.az-ın müxbirinə eksklüziv müsahibəsində deyib.

“Bu tendensiyanın çox düzgün və vacib olduğunu düşünürəm. COP-da və digər böyük beynəlxalq konfranslarda müzakirə edilən və qəbul olunan qərarların sonradan konkret icra mexanizmlərinə ehtiyacı olur. Bu mexanizmlər isə artıq ayrı-ayrı ölkələr və regionlar səviyyəsində müzakirə edilməlidir”, – deyə N.Arpadarai qeyd edib.

Layihə rəhbərinin sözlərinə görə, xüsusi qürur doğuran məqamlardan biri Bakı İqlim Fəaliyyəti Həftəsinin artıq üçüncü dəfə keçirilməsidir. O bildirib ki, bu il tədbir xüsusilə əlamətdardır, çünki Bakı İqlim Fəaliyyəti Həftəsi BMT-nin rəsmi regional iqlim həftəsi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsi ilə paralel keçirilir.

“Proqramı daha da zənginləşdirməyə, öz tədbirlərimizi və müzakirələrimizi əlavə etməyə çalışmışıq. Həftə ərzində ən müxtəlif mövzular müzakirə olunacaq. Plenar iclaslarla yanaşı, daha konkret və texniki müzakirələrin aparıldığı dəyirmi masalar da nəzərdə tutulub”, – deyə o bildirib.

Deputat deyib ki, əsas məqam ondan ibarətdir ki, Azərbaycan üçün COP prosesi yalnız bir konfransın keçirilməsi ilə məhdudlaşmayıb:

“Biz həmişə bunun uzunmüddətli proses olduğunu demişik. Azərbaycan COP29-un tarixi nailiyyətləri sayəsində artıq iqlim prosesinin tarixinə düşüb. Lakin bu gün də gördüyümüz kimi, bizim üçün bu iş davam edir. Azərbaycan həmişə dialoq, əməkdaşlıq və multikulturalizm platforması olub və olaraq qalır. Buna görə də müxtəlif ölkələrin və müxtəlif sektorların nümayəndələrinin görüşə, fikir mübadiləsi apara və birgə həll yolları axtara biləcəyi platformalar yaratmağa davam etmək bizim üçün xüsusilə vacibdir”.

Nigar Arpadarai qeyd edib ki, Antalyada keçiriləcək COP31 ərəfəsində Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq iqlim ictimaiyyətinin dialoqu davam etdirmək üçün yenidən bir araya gəldiyi əsas platformalardan birinə çevrilir.

“Buna görə də bu həftədən böyük gözləntilərimiz var. Əlbəttə, hər kəsi tədbirlərdə və müzakirələrdə fəal iştirak etməyə, öz fikirlərini bölüşməyə dəvət edirik”, – deyə o əlavə edib.

Foto: Nadir İbrahimli

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər