Bakıda İqlim Fəaliyyəti üzrə Bakı Həftəsi və IV İqlim Həftəsinin ikinci günü keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda İqlim Fəaliyyəti üzrə Bakı Həftəsi və IV İqlim Həftəsinin ikinci günü keçirilir

Faiqə Məmmədova09:55 - Bu gün
Bakıda İqlim Fəaliyyəti üzrə Bakı Həftəsi və IV İqlim Həftəsinin ikinci günü keçirilir

Bakıda İqlim Fəaliyyəti üzrə Bakı Həftəsi 2026-nın (BCAW 2026) ikinci günü keçirilir.

1news.az xəbər verir ki, bu il ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) IV İqlim Həftəsi (CW4) ilə paralel keçirilən tədbir artıq üçüncü dəfə təşkil olunur.

Tədbir sentyabrın 11-dək davam edəcək.

Builki tədbirin əsas mövzularını iqlim həllərinin praktik şəkildə həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşıdan gələn COP31 sammitinə hazırlıq təşkil edir.

İkinci günün proqramı ekologiya və texnologiyalar sahəsində ən aktual çağırışlara həsr olunan beş panel sessiyası ilə başlayır.

Panel sessiyalarında aşağıdakı mövzular müzakirə olunur:

  • Xəzər regionu: iqlim dəyişmələrinin daxili su hövzələrinə yaratdığı çağırışlar;

  • Süni intellekt və təbii fəlakətlərin xəbərdar edilməsi: süni intellektin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və riskləri;

  • Yaşıl aqrar sektor: dayanıqlı kənd təsərrüfatının yaradılması üçün rəqəmsal transformasiya və süni intellekt;

  • Rəqəmsal gündəm: COP29-dan İqlim Həftəsinə qədər yaşıl dünya üçün rəqəmsal fəaliyyət yol xəritəsi;

  • Dayanıqlı şəhərlər: WUF13-dən COP31-ə qədər iqlim fəaliyyətinin şəhər ölçüsünün inkişafı.

Bununla yanaşı, iqlimə davamlı kənd təsərrüfatına həsr olunan “Fəaliyyətdə harmoniya” adlı sessiyanın da daxil olduğu tematik dəyirmi masalar keçiriləcək.

Gənclər İqlim Forumunun iki panel sessiyası da təşkil olunacaq. Bu sessiyalarda COP31 ərəfəsində öhdəliklərdən praktiki fəaliyyətə keçid, eləcə də süni intellektin qlobal iqlim böhranının həllində imkanları müzakirə ediləcək.

Foto: Nadir İbrahimli

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər