Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif vədlərlə onların pul vəsaitlərini ələ keçirən şəxs saxlanılıb.
1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə E.Vəliyev saxlanılıb.
Müəyyən edilib ki, o, bir vətəndaşın övladını İsveçrədə işlə təmin edəcəyini vəd edərək 1 728 manat, digər şəxsdən isə istirahət kompleksində ev və “golfcar”la təmin edəcəyi adı ilə 3 400 manat alıb.
Bundan başqa, E.Vəliyev dəyəri 19 min manat olan “golfcar” nəqliyyat vasitəsini ödənişini sonradan edəcəyi vədi ilə əldə edib. Daha sonra həmin nəqliyyat vasitəsini sahibinin razılığı olmadan 8 min manata başqa şəxsə satıb.
Aparılan araşdırmalar zamanı onun mobil telefonunda tanınmış şəxslərlə birlikdə olduğunu göstərən fotomontaj edilmiş şəkillər də aşkarlanıb.
Müəyyən edilib ki, E.Vəliyev həmin şəkillərdən istifadə edərək özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edib və bu yolla zərərçəkənlərin etimadını qazanıb.
E.Vəliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.












