“Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır” - Problemin həlli üçün nələr edilməli? - Mütəxəssislərdən ŞƏRH
Maarifçilik dövründən bəri ictimaiyyətin ən çox müzakirə etdiyi “savadlılıq” anlayışı müasir dövrdə öz formasını dəyişib.
Artıq savadlı olmaq sadəcə harfləri tanımaq və mətni üzündən oxumaq deyil, oxuduğunun mahiyyətini qavramaq, mülahizə yürütmək və əsas fikri detallardan ayıra bilməkdir. Lakin Azərbaycanda 15 yaşlı şagirdlər arasında keçirilən beynəlxalq qiymətləndirmə nəticələri ölkədə ciddi bir “anlama böhranı”nın yaşandığını ortaya qoyur.
Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın (PISA) nəticələrinin təqdimatı zamanı Elm və təhsil naziri Emin Əmrullayev məsələnin acınacaqlı miqyasını bu sözlərlə dilə gətirib:
“Azərbaycanda 15 yaşlı şəxslərin 65,2%-i, yəni hər üç nəfərdən ikisi oxu bacarığı üzrə minimal nəticə göstərə bilmir. İnsanların oxuduğunu hər zaman yaxşı başa düşmədiyini bildirərkən məhz bu rəqəmə istinad edirəm. Bu, mənim şəxsi təxəyyülümün nəticəsi deyil. Hər üç nəfərdən ikisi oxuduğu mətni tam anlamır. Üzündən oxuya bilir və elə zənn edir ki, mətni qavrayır. Lakin sual verildikdə məlum olur ki, başa düşməyib.
Bu bacarıq məktəb illərində formalaşır və yaş ötdükcə öz-özünə düzəlmir. Düşünürəm ki, bu, cəmiyyətimiz və ictimai mühitimiz üçün kifayət qədər ciddi problemdir. Çünki oxuduğunu anlamayan insan eşitdiyini də düzgün qavramır. Hətta dinləyib anlamaq oxuyub anlamaqdan daha çətin bacarıq olduğu üçün eşitdiyini daha pis başa düşür. Bu, bizim ağrılı məsələmizdir. Regionumuzdakı bəzi ölkələrdə yüksək oxu bacarığına sahib insanların payı cəmi 0,1%-dir.
Qiymətləndirmənin mahiyyətinə gəlincə, bu göstərici Bakı üzrə 51%, ölkə üzrə isə 65,2%-dir. Bu kateqoriyaya aid olanlar oxuduqları mətndə əsas ideyanı tuta bilmir, mətnin əsas fikri ilə detalları qarışdırırlar. Əsas fikri qavramaq əvəzinə detallardan danışmağa başlayırlar və ya mətndəki faktları yanlış anlayıb ona uyğun mühakimə yürüdürlər. Çərçivədə yer alan 24%-lik hissə isə faktual oxu anlaması yerində olan, yəni mətndəki faktları düzgün başa düşən qrupdur”.
Nazirin bu açıqlaması cəmiyyətdə geniş əks-səda doğurmaqla yanaşı, təhsilin keyfiyyəti, dərsliklərin məzmunu və əzbərçilik sisteminin fəsadları ilə bağlı sualları yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı 1news.az-a açıqlama verən elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri bundan əvvəlki PISA qiymətləndirilməsində də ölkədə oxuyub-anlama üzrə vəziyyət çox gərgin olub.
“PISA qiymətləndirilməsi hər 3 ildən bir aparılsa da, artıq bu müddətdən sonra 3 il deyil, 4 ildən bir həyata keçiriləcək. Yəni 2026-2030-cu illəri əhatə edəcək və növbəti PISA qiymətləndirməsinin nəticələri 2030-cu ildə yayımlanacaq. Bu 3 və 4 illik sikllər araşdırmaların daha yaxşı aparılması və qiymətləndirmələrin daha yüksək səviyyədə həyata keçirilməsi üçündür. Bu müddətdə nəticələrin zəifliyinin şahidi oluruq”.
Qiymətləndirmənin görünməyən tərəflərinə və əhatəliliyinə toxunan E. Nuri əlavə edib ki, məsələnin toxunulmayan tərəfləri də var.
“Belə ki, ötən PISA qiymətləndirməsində Azərbaycan yalnız Bakı şəhəri ilə təmsil olunmuşdusa, PISA 2025-ci ilin nəticələrində Bakı da daxil olmaqla bütün ölkə üzrə şagirdlər portfeli yer alıb. Əgər bu dəfə də təkcə Bakı şagirdləri ilə təmsil olunsaydıq, istər riyaziyyat, istər oxuyub-anlama, istərsə də təbiət elmləri üzrə göstəricilərdə daha üst pillələrdə olardıq”.
Elm və Təhsil Nazirliyinin, eləcə də Təhsil İnstitutunun obyektiv mövqeyini yüksək qiymətləndirən ekspert bildirib ki, onlar reallığı gizlətməyərək səmimiyyət nümayiş etdiriblər.
“Ölkənin təhsil göstəricilərinin bir şəhərdən değil, bütün ölkə üzrə şagirdlərdən ibarət olduğunu göstərmək təqdirəlayiqdir. PISA qiymətləndirilməsində elə ölkələr var ki, onlar ancaq bir və ya iki böyük şəhərlə təmsil olunurlar, lakin Azərbaycan bunu etməyib və bu dəfəki qiymətləndirmədə bütün regionları əhatə edən şagirdlər iştirak edib”.
Regionlar və paytaxt məktəbləri arasındakı fərqlərdən söhbət açan Elmin Nuri vurğulayıb ki, şəhər və kənd, yaxud Bakı və region bölgüsü aparmaq istəməsə də, reallıq paytaxtın bir çox məktəblərində təhsil göstəricilərinin regionların göstəricilərini qabaqlamasıdır.
“Xüsusən də ordakı dərslərin təşkil olunma formasiyası, modulu və müəllimlərin hazırlıq səviyyəsi buna bariz nümunədir. Uşağı yetişdirən və onda oxuyub-anlamanı formalaşdıran müəllimdir. Müəllim özü oxuyub-anlamanı yüksək səviyyədə bilməli və sonra onu şagirdinə ötürməlidir, əsas problem də məhz bundadır”.
Mövcud fərqlərin aradan qaldırılmasının vacibliyini qeyd edən eskpert bildirib ki, obyektivlik və əhatəlilik qorunsa da, indi regionlarla paytaxt şagirdləri arasındakı səviyyə fərqi aradan qaldırılmalıdır.
“Çünki bölgədə oxuyan şagird də, paytaxtda oxuyan da ölkə vətəndaşıdır və bu problem həllini tapmalıdır. Hər üç nəfərdən birinin oxuyub-anladığını lazım olan şəkildə qavramaması qəbulolunmazdır.
Problemin digər səbəbləri və tədris sistemindəki çatışmazlıqlar haqqında danışan E. Nuri nəzərə çatdırıb ki, bunun digər səbəbi standart təhsil proqramındadır.
“Oxuyub-anlama qavrayışı üçün tamamilə başqa tədris modulları lazımdır və müəllim başqa formasiyalardan çıxış etməlidir. Dil, ədəbiyyat və digər dərsləri ancaq qrammatika və nəzəriyyə üzərində qurmaq olmaz. Oxuyub-anlama təfəkkürün və analitikanın başqa bir forması olduğu üçün analitikaya üstünlük verilməlidir”.
Sonda əzbərçilik sistemini tənqid edən ekspert vurğulayıb ki, xüsusilə humanitar fənlər (tarix, ədəbiyyat, dil dərsləri) ancaq əzbərçiliyə yönəldilir.
“Halbuki mətn insana düşüncə verməli, insanı düşündürməlidir. İndi isə şagirdlər mətni mexaniki şəkildə əzbərləyib müəllimə qaytarırlar, hətta bir çox müəllimlər özləri də dərsi mexaniki şəkildə keçirlər ki, bu da yolverilməzdir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə mövqeyini bu sözlərlə bölüşüb:
“Mən məsələyə bir az fərqli yanaşıram. Müəyyən statistikalar təqdim olunsa da, Azərbaycan şagirdlərinin üçdə ikisinin oxuduğunu anlamaması fikri ilə tam razı deyiləm. Bu, sual doğuran və ciddi araşdırılmalı olan bir məsələdir”.
Göstəricilərin ciddi narahatlıq doğurduğunu diqqətə çatdıran deputat vurğulayıb ki, əgər bu qədər şagird oxuduğunu anlamırsa, bunun məsuliyyətini eyni zamanda aidiyyəti qurumlar da daşıyır.
“Bu təhlükəli və narahatedici statistikanın həlli üçün çıxış yolları axtarılmalı, məsələnin kökləri və səbəbləri dərinləşdirilməlidir. Vəziyyət həqiqətən belədirsə, bu dinamikanın artması gələcəkdə qarşıya ciddi fəsadlar çıxara bilər”.
Təhsildə keyfiyyət dəyişikliklərinin vacibliyini qeyd edən C. Məmmədov ilkin addımları belə sıralayıb:
“Hazırda bir nömrəli məsələ Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasıdır. İlk növbədə həm orta məktəblərdə, həm də universitetlərdə təhsilin səviyyəsi qaldırılmalı, dərsliklərin keyfiyyəti və məzmunu dəyişməlidir. Eyni zamanda müəllimlərin daha savadlı və bilikli olması istiqamətində addımlar atılmalı, modern innovasiyalar, beynəlxalq təcrübə tətbiq olunmalı, şagird və valideynlərlə sıx iş aparılmalıdır”.
Deputat sonda əlavə edib ki, ümumilikdə təhsil sistemi əzbərçilik üzərində deyil, anlama və dərk etmə prosesi üzərində qurulmalıdır.
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova vurğulayıb ki, Elm və təhsil naziri Emin Əmrullayevin PISA 2025 nəticələrinin təqdimatı zamanı səsləndirdiyi “Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır” fikri təhsil sistemi üçün çox ciddi siqnaldır.
“Burada söhbət uşaqların ümumiyyətlə oxuya bilməməsindən getmir. Əsas məsələ oxumaqla oxuduğunu anlamağın eyni bacarıq olmamasıdır. Şagird mətni səlis, düzgün və intonasiyalı oxuya, hətta müəyyən faktları yadda saxlaya bilsə də, mətnin əsas ideyasını müəyyənləşdirməkdə, müəllifin mövqeyini anlamaqda, səbəb-nəticə əlaqəsi qurmaqda, gizli mənanı çıxarmaqda və öz fikrini mətnə əsasən əsaslandırmaqda çətinlik çəkir.
Bu problemə yalnız “uşaqlar kitab oxumur” prizmasından baxmaq düzgün olmaz. Müasir uşağın qarşılaşdığı informasiya mühiti də dəyişib. Qısa videolar, sosial şəbəkələr və sürətli informasiya axını diqqətin uzun müddət bir mətn üzərində saxlanmasını çətinləşdirir. Buna görə də məktəbin vəzifəsi yalnız şagirdə mətn oxutmaq deyil, ona oxuduğu informasiya ilə işləməyi, sual verməyi, əlaqə qurmağı, müqayisə etməyi və nəticə çıxarmağı öyrətməkdir.
Şagird riyaziyyatda məsələnin şərtini başa düşmürsə, təbiət elmlərində qrafiki və elmi mətni şərh edə bilmirsə, tarixdə mənbəni təhlil etməkdə çətinlik çəkirsə, burada artıq söhbət yalnız Azərbaycan dili dərsindən getmir. Oxuyub-anlama digər fənlərin öyrənilməsinə birbaşa təsir edən fundamental bacarıqdır. Bu səbəbdən məsələni yalnız "oxu problemi" kimi deyil, öyrənmə probleminin mühüm komponenti kimi qiymətləndirmək lazımdır”.
Oxuduğunu anlama bacarığının zəifləmə səbəbləri və pedagoji metodlara toxunan AGMA sədri əlavə edib ki, problemi yalnız məktəb proqramı ilə əlaqələndirmək olmaz.
“Proqram, dərslik, tapşırıq dizaynı, müəllimin metodik yanaşması, qiymətləndirmə və ailədə formalaşan oxu mühiti bir-biri ilə əlaqəli amillərdir. Lakin burada xüsusilə tədris metodlarına diqqət yetirmək lazımdır. Uzun müddət məktəblərdə “Mətni oxu və suallara cavab ver” yanaşması üstünlük təşkil edib ki, bu da oxu bacarığının inkişafı üçün kifayət deyil. Suallar əsasən mətndə açıq verilmiş informasiyanı tapmağa yönələndə şagird yalnız cavabı mətndə axtarmağa öyrəşir. Halbuki güclü oxucu mətndə verilən informasiyanı sadəcə tapmır, onu əvvəlki bilikləri ilə əlaqələndirir, müqayisə etdir, nəticə çıxarır, müəllifin mövqeyini qiymətləndirir və öz fikrini sübut edir.
Əsas sual “şagird neçə mətn oxudu?” deyil, “şagird oxuduğu mətn üzərində nə qədər düşündü?” sualıdır. Mətn üzrə iş üç mərhələdə - mətndən əvvəl (proqnozlaşdırma və ilkin düşüncələr), mətn zamanı (suallar vermə və anlaşılmayan hissələri müəyyənləşdirmə) və mətndən sonra (əsas fikri müəyyənləşdirmə, nəticə çıxarma, müəllifin mövqeyini qiymətləndirmə və fikrini mətnə əsasən əsaslandırma) qurulmalıdır. Bu baxımdan proqramın məzmunundan daha vacib məsələ həmin məzmunun hansı pedaqoji yanaşma ilə öyrədilməsidir. Eyni mətn bir müəllimin dərsində sadəcə oxunub suallara cavablandırıla, digər müəllimin dərsində isə şagirdin analitik, tənqidi və yaradıcı düşünməsini inkişaf etdirən vasitəyə çevrilə bilər”.
Müəllimlərin peşəkar hazırlığının roluna diqqət çəkən ekspert qeyd edib ki, müəllim “oxuyub-anlama vacibdir” fikrini bilməklə kifayətlənməməlidir.
“O, hansı sualın hansı düşünmə səviyyəsini inkişaf etdirdiyini, hansı tapşırığın şagirddə inferensiya qurma bacarığını formalaşdırdığını, hansı fəaliyyətin əsas və ikinci dərəcəli fikirləri ayırmağa kömək etdiyini, şagirdin çətinliyinin söz ehtiyatından, mətnin strukturundan, yoxsa tənqidi düşünmədən qaynaqlandığını dəqiq bilməlidir.
İbtidai sinif müəllimi kimi təcrübəmə əsasən bildirirəm ki, oxu vərdişinin təməli erkən yaşlarda qoyulur. Uşağa yalnız “Nə oxudun?” sualını vermək əvəzinə, “Nə düşündün?”, “Nə üçün belə düşünürsən?”, “Mətndə bunu sübut edən nə var?", "Hadisə başqa cür olsaydı, nə dəyişərdi?” kimi suallar vermək lazımdır. Bu yanaşma müəllimin peşəkar inkişafını tələb edir. Müəllim hazırlığında yalnız nəzəri məlumat vermək kifayət deyil; müəllim real mətn, real tapşırıq və real şagird cavabları üzərində işləməli, tapşırıq hazırlamalı, həmin tapşırığın hansı bacarığı inkişaf etdirdiyini müəyyənləşdirməli və şagird cavablarını təhlil etməyi öyrənməlidir”.
Problemin həlli üçün kompleks və sistemli addımları sıralayan Pərvinə Qədimova bildirib ki, bu istiqamətdə birdəfəlik kampaniya deyil, uzunmüddətli fəaliyyət modeli qurulmalıdır.
“PISA nəticələrinin özündə də müsbət dinamikanın olduğu və yüksək səviyyələrdə nəticə göstərən şagirdlərin payında artım müşahidə edildiyi bildirilir ki, bu da düzgün istiqamətdə davamlı dəyişikliyin nəticə verdiyini göstərir:
1. Oxu savadlılığı bütün fənlərin məsuliyyətinə çevrilməlidir. Oxuyub-anlama yalnız Azərbaycan dili və ədəbiyyat müəlliminin işi olmamalıdır. Riyaziyyat müəllimi məsələ mətninin anlaşılmasına, biologiya müəllimi elmi mətnin və qrafikin şərhinə, tarix müəllimi mənbənin təhlilinə, coğrafiya müəllimi xəritə və məlumatların şərhinə də diqqət yetirməlidir.
2. Tapşırıqların xarakteri dəyişdirilməlidir. Şagirdə yalnız "mətndə cavabı tap" tipli suallar verməklə yüksək səviyyəli oxu bacarığı formalaşdırmaq mümkün deyil. Tapşırıqlar mərhələli şəkildə: məlumatı tapmaq, anlamaq, əlaqələndirmək, nəticə çıxarmaq, müqayisə etmək, qiymətləndirmək və mövqeyini əsaslandırmaq məntiqi ilə hazırlanmalıdır.
3. Şagirdə sualın cavabını deyil, sual verməyi də öyrətmək lazımdır. Güclü oxucu mətnlə dialoq qurur. O, oxuyarkən proqnozlaşdırır, özünə sual verir, anlaşılmayan məqamı müəyyən edir və sübut axtarır. Buna görə dərsdə şagirdin özü tərəfindən sual hazırlanmasına da yer verilməlidir.
4. Müəllimlərin metodik hazırlığı sistemli şəkildə gücləndirilməlidir. Müəllimlər üçün oxu strategiyaları üzrə praktik təlimlər təşkil edilməli, yalnız nəzəri təqdimatlarla kifayətlənilməməlidir. Müəllim real mətnlər üzərində işləməli, müxtəlif səviyyəli suallar hazırlamalı və şagirdin səhv cavabının səbəbini müəyyənləşdirməyi bacarmalıdır.
5. Erkən yaşlardan məqsədyönlü iş aparılmalıdır. Oxu savadlılığının inkişafını yuxarı siniflərdə nəticələr aşağı düşəndən sonra həll etməyə çalışmaq gecdir. İbtidai siniflərdən etibarən şagirdə düşünərək oxumaq, əsas fikri müəyyənləşdirmək, səbəb-nəticə əlaqəsi qurmaq, proqnozlaşdırmaq və fikrini əsaslandırmaq öyrədilməlidir.
6. Müxtəlif mətnlərlə işləmək genişləndirilməlidir. Şagird yalnız bədii mətnlərlə işləməməlidir. İnformativ, elmi-kütləvi, publisistik, cədvəl, diaqram, qrafik, elan, təlimat və rəqəmsal mətnlər də tədris prosesinə daxil edilməli və onlarla işləmə metodikası vurğulanmalıdır. Çünki real həyatda insan qarşısına yalnız dərslik mətni çıxmır.
7. Məktəb və ailə arasında oxu mühiti yaradılmalıdır. Problemin bütün məsuliyyətini məktəbin üzərinə qoymaq doğru deyil. Evdə kitab və mətn haqqında söhbətlərin aparılması, uşağın oxuduğu barədə fikrini sərbəst ifadə etməsi, valideynin “Oxudun?” sualından əlavə “Səncə, müəllif nə demək istəyib?” kimi suallar verməsi çox faydalıdır. Oxumaq uşağın həyatında yalnız məktəb tapşırığı deyil, gündəlik fəaliyyətə çevrilməlidir”.
Pərvinə Qədimova sonda qeyd edib ki, nazirin son açıqlamalarında tədrisin keyfiyyətinin artırılması, müəllimlərin sertifikatlaşdırılması və dərslik məzmununun təkmilləşdirilməsi kimi istiqamətlərin xüsusi diqqətdə saxlanmasının vacibliyi vurğulanır.
“Problemi düzgün diaqnoz etdikdə, oxu savadlılığının inkişafı üçün konkret və ölçülə bilən nəticələr əldə etmək mümkündür”.









