“Sabah Residence”in fasadı ilə bağlı FHN-dən cavab: “Nəzarət səlahiyyətimizə daxil deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sabah Residence”in fasadı ilə bağlı FHN-dən cavab: “Nəzarət səlahiyyətimizə daxil deyil”

Ayşən Salehli16:53 - Bu gün
“Sabah Residence”in fasadı ilə bağlı FHN-dən cavab: “Nəzarət səlahiyyətimizə daxil deyil”

Ötən günlərdə Bakıda əsən güclü xəzri Bayıl qəsəbəsində yerləşən “Sabah Residence” yaşayış kompleksində təhlükəli anların yaşanmasına səbəb olub.

Mənzillərin kvadratmetri astronomik qiymətlərə təklif olunan lüks kompleksin fasad örtüyü küləyin təsirindən soyularaq əraziyə tökülüb.

Məsələ iki gün öncə tərəfimizdən işıqlandırılsa da, aidiyyəti qurumların məsələyə münasibəti problemlə bağlı yanaşmaların fərqli olduğunu göstərir.

Məsələ ilə bağlı narazılığını bildirən vətəndaşlar Bakı küləyinə dözməyən bu binanın baş verə biləcək zəlzələyə necə tab gətirəcəyini və ümumiyyətlə texniki baxışdan keçib-keçmədiyini haqlı olaraq sual edirlər. Lakin cəmiyyəti düşündürən bu əsas məqamlar aidiyyəti qurumların rəsmi cavablarında öz əksini tapmayıb.

Yaranan təhlükəli vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, yeni tikililərin texniki yoxlaması onların səlahiyyətinə daxil deyil. Bununla belə, qurum tərəfindən müvafiq tədbirlərin görülməsi məqsədilə şirkət rəhbərliyi ilə danışıqların aparıldığı qeyd olunub.

“Sabah Residence” yaşayış kompleksi ilə əlaqə saxlamaq cəhdlərimiz isə zənglərin cavabsız qalması ilə nəticələnib.

Məsələyə münasibət bildirən Fövqəladə Hallar Nazirliyi (FHN) diqqəti sakinlərin üzərinə yönəldib. Qurumdan bildirilib ki, fasad elementi binanın ümumi dayanıqlığına təsir edən amil deyil. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binalarda əmlakın təmiri və saxlanılması sahə mülkiyyətçilərinin hüquq və vəzifələrinə aiddir”.

Bu yanaşma qurumların məsuliyyəti bir-birinə ötürərək məsələyə səthi yanaşdığını göstərir. Yaranan vəziyyətdə isə paytaxt sakinləri təhlükəsizliklə bağlı suallara hələ də tam cavab tapa bilmirlər.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər