Müşfiq Ələsgərli: Qərb mediasının bu informasiya dalğasının arxasında geosiyasi amillər də axtarılmalıdır
Qərb mətbuatında Azərbaycana münasibətdə son vaxtlar müşahidə edilən tendensiya təsadüfi məlumat sızmalarından daha çox, planlı bir informasiya siyasətinin əlamətlərini daşıyır.
Bunun ən son nümunəsi Polşada fəaliyyət göstərən "Nexta" kanalının Goranboy hadisəsi ilə bağlı yaydığı, açıq şəkildə siyasi rəngə boyanmış materialdır.
Lakin bu, təkcə bir kanalın təşəbbüsü deyil. Belə ki, bundan əvvəl Britaniyanın üç ayrı media resursunda eyni anda dərc edilən qərəzli yazılar, Fransa mətbuatında müşahidə olunan sistematik kampaniya və Polşa mediasında son həftələrin dezinformasiya dalğası bu sıraya əlavə edilməlidir. Diqqəti çəkən əsas cəhət odur ki, adətən başqa dövlətlərin timsalında tənqid olunan "hibrid müharibə" alətləri məhz indi Azərbaycana qarşı işə salınıb.
Bununla yanaşı, Qərb mediasının Ermənistanda baş verən ciddi hadisələrə — seçki saxtakarlıqlarına, siyasi həbslərə, keşişlərə qarşı repressiyalara, jurnalistlərin susdurulmasına — münasibətdə göstərdiyi süküt xüsusi diqqət tələb edir. Bu fon üzərində Gürcüstan nümunəsi daha ziddiyyətli görünür: orada müxalifət Qərb yönümlü olduğu üçün seçki prosesi kəskin tənqid olunub, etirazçılara isə geniş beynəlxalq dəstək nümayiş etdirilib. Belə ikili yanaşma təsadüfi ola bilməz — bu, məhz seçici siyasətin təzahürüdür. Nəticədə Azərbaycanda hətta adi məişət məsələləri belə süni şəkildə siyasiləşdirilməyə çalışılır. Bu cür təcrübə isə uzun müddətdə Avropa təsisatlarının və tanınmış media qurumlarının öz nüfuzuna vurduğu zərbədən başqa bir şey deyil. Azərbaycan bu ikili standartlar siyasətini çoxdan müşahidə edib və ondan lazımi nəticələri çıxarıb. Ölkənin qonşularla münasibətlərin normallaşdırılmasına və regional sülhə yönəlmiş siyasəti dəyişməz qalır, dezinformasiya hücumları isə bu prosesi yalnız müvəqqəti ləngidə bilər, amma dayandıra bilməz.
Məsələ ilə bağlı 1news.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib ki, Qərb mediasında Azərbaycanla bağlı yayılan son materialların kampaniya xarakteri daşıyır:
“Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərinin, BBC-nin, Fransanın “Le Monde” qəzetinin, Polşanın TVP kanalının və digər Qərb media resurslarının Azərbaycana qarşı son tənqidi materialları təxminən bir həftə ərzində hazırlanaraq yayımlanıb. Bu, hansısa media qurumunun hansısa ölkə barədə tənqidi məqalə hazırlaması çərçivəsini aşır, kampaniya xarakteri alır. Təsadüfi deyil ki, Medianın İnkişafı Agentliyi də sentyabrın 3-də açıqladığı bəyanatında bu materialları “Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsi” kimi qiymətləndirib. Yəni, çox aydın şəkildə görünür ki, Azərbaycana qarşı sistemli informasiya savaşı başladılıb”, - deyə M.Ələsgərli qeyd edib.
O, həmin materialların məzmununda və yayım zamanında diqqət çəkən ortaq cəhətlərin olduğunu vurğulayıb:
“Bu materialları ayrı-ayrılıqda nəzərdən keçirdikdə onların məzmununda və yayım zamanında diqqət çəkən ortaq cəhətlər var. Məsələn, bu məqalələrin hamısında jurnalistikanın balans və obyektivlik prinsipləri pozulub. Yazıların heç birində Azərbaycan tərəfinin mövqeyinə ya ümumiyyətlə yer verilməyib, ya da onun mövqeyi hadisənin mahiyyətini izah edə biləcək həcmdə təqdim olunmayıb. O cümlədən, Qarabağ mövzusuna birtərəfli yanaşma sərgilənib. Bu məsələ hüquqi proseslər kontekstində deyil, bir tərəfin mövqeyi əsasında qurulub, emosional ifadələrdən istifadə olunub. Xüsusilə, “The Guardian”ın Qarabağla bağlı film resenziyasında münaqişənin tarixinin kontekstdən çıxarılaraq təqdim edildiyi görünür”, - deyə o bildirib.
M.Ələsgərli Polşanın TVP World kanalının və “The Independent”in Azərbaycanda insan haqları kontekstində yayımladığı materiallara da diqqət çəkib:
“Polşanın TVP World kanalının, “The Independent”in Azərbaycanda insan haqları kontekstində yayımladıqları məqalələr də bu qəbildəndir. Qəribəliklərdən biri də budur ki, Qərb mediası bütün bu qondarma problemlərin hamısını birdən-birə, eyni həftənin içində xatırlayıb: insan haqları, Qarabağ mövzusu, Azərbaycanın geosiyasi siyasəti eyni həftənin içində xatırlanıbsa və hamısı da tənqid olunubsa, deməli, ortada sifariş vardır. Müxtəlif Qərb ölkələrinə məxsus, fərqli auditoriyalara hesablanmış media resurslarının eyni vaxtda Azərbaycanın müxtəlif həssas mövzularını beynəlxalq gündəmə çıxarması bunun kampaniya xarakteri daşıması ehtimalını gücləndirir”, - deyə M.Ələsgərli vurğulayıb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü hesab edir ki, bu informasiya dalğasının arxasında geosiyasi amillər də axtarılmalıdır:
“Mənim fikrim budur ki, bu informasiya dalğasının arxasında geosiyasi amilləri axtarmaq lazımdır. Azərbaycanın son illərdə Cənubi Qafqazda qazandığı mövqenin mühüm nəticələrindən biri ölkənin regional nəqliyyat və enerji layihələrində rolunun kəskin artmasıdır. Xüsusilə, Orta Dəhliz Azərbaycanı Avropa ilə Mərkəzi Asiya və Çin arasında mühüm tranzit həlqəyə çevirir. Bu, Cənubi Qafqazın geosiyasi əhəmiyyətini də dəyişir. Yəni, Cənubi Qafqaz regionu artıq yalnız Azərbaycan-Ermənistan münaqişəsinin həll edildiyi coğrafiya deyil. O, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən yeni iqtisadi və nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində baş verən dəyişikliklər Cənubi Qafqazdakı əvvəlki qarşıdurma modelinə də təsir edir:
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh prosesinin möhkəmlənməsi və regional kommunikasiyaların açılması Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurma modelini dəyişir. Amma bu dəyişiklik Cənubi Qafqazı daimi münaqişə mərkəzi kimi görmək istəyən, regionu münaqişələr üzərindən nəzarətdə saxlamaq istəyən mərkəzlər üçün əlverişli deyil. Burada geosiyasi ziddiyyət meydana çıxır: münaqişənin davam etdiyi Cənubi Qafqaz üzərində siyasi təsir imkanları ilə sülh, regional əməkdaşlıq və yeni nəqliyyat bağlantılarının formalaşdırdığı Cənubi Qafqaz eyni geosiyasi model deyil”, - deyə M.Ələsgərli əlavə edib.
O, Azərbaycanın regiondakı rolunun artmasının informasiya təzyiqi ilə əlaqəli olduğunu düşünür:
“Bu baxımdan, Cənubi Qafqazın lider dövləti olan, bu regionu fərqli qütblər arasında mədəni körpüyə çevirməyə çalışan Azərbaycana qarşı informasiya təzyiqinin başladılması təsadüfi deyil”, - deyə M.Ələsgərli bildirib.











