“Qərb mediasında Azərbaycana qarşı kampaniya aparılırsa, demək, ölkə böyük uğura imza atıb” - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

“Qərb mediasında Azərbaycana qarşı kampaniya aparılırsa, demək, ölkə böyük uğura imza atıb” - ŞƏRH

Qafar Ağayev17:06 - Bu gün
“Qərb mediasında Azərbaycana qarşı kampaniya aparılırsa, demək, ölkə böyük uğura imza atıb” - ŞƏRH

Son dövlərdə Qərb mediasında Azərbaycana qarşı dezinformasiyaların geniş yayıldığını müşahidə edirik.

Polşada yerləşən "Nexta" kanalının Goranboyda  hərbi sursat anbarda baş verən yanğın hadisəsi ilə bağlı material təsadüfi bir hal kimi qiymətləndirilə bilməz.

Bundan əvvəl Britaniya üç fərqli mediada dərc olunan qərəzli yazılar, Fransa mətbuatında müşahidə edilən sistemli kampaniya və Polşa mediasında son həftələrdə təkrarlanan dezinformasiyalar bu iddianı təsdiqləyən əlavə faktlar sırasındadır.

Maraqlı məqam odur ki,  fərqli qərb ölkələrinin media qurumları arasında məzmun və zaman baxımından bənzərlik müşahidə olunur. Bu isə ayrı-ayrı jurnalistik təşəbbüslərdən daha çox, vahid mərkəzdən idarə olunan koordinasiyalı informasiya hücumunu xatırladır.

Zamanla "hibrid müharibə" anlayışını tənqid edən Qərb media qurumları məhz həmin metodları Azərbaycana qarşı sistemli şəkildə tətbiq edir.

Bu yanaşmanın arxasında duran məqsəd aydındır: Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq.

Bütün bunlarla yanaşı, bu qaralama kampaniyasının arxasında, region üçün həyati əhəmiyyət daşıyan sülh prosesinə mane olmaq cəhdi də dayanır desək, yanılmarıq. Baş verənlər onu göstərir ki, söhbət ayrı-ayrı təsadüfi hallardan deyil, əvvəlcədən planlaşdırılmış, sinxron şəkildə həyata keçirilən informasiya əməliyyatından gedir. Eyni narrativlərin fərqli platformalarda demək olar ki, eyni vaxtda səslənməsi bu qənaəti daha da gücləndirir.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, uzun illərin təcrübəsi Qərb mediasının Azərbaycan gücləndikcə, öz maraqlarını müdafiə etdikcə və böyük layihələr həyata keçirdikcə ölkəmizə qarşı qarayaxma kampaniyaları apardığını göstərir.

Deputat bildirib ki, Azərbaycan cəmiyyəti artıq Qərb mediasında ölkəmizə qarşı kampaniya aparılmasının səbəblərini dərk edir:

“Mənə elə gəlir ki, artıq Azərbaycan cəmiyyəti dərk edir ki, Qərb mediasında Azərbaycana qarşı kampaniya aparılırsa, demək, Azərbaycan ya hansısa böyük uğura imza atıb, ya da böyük tarixi qərarlar qəbul etmək ərəfəsindədir. Savadlı Azərbaycan cəmiyyəti bunu dərk edir, çünki Qərb mediasının davranışı bir növ bizim siyasi davranışlarımızın qiymətləndirmə kriteriyasına çevrilib. Güclü Azərbaycan daha da güclənirsə, demək, bu, Qərbdə kimlərinsə xoşuna gəlmir. Mənə elə gəlir ki, eyni hadisə indi də təkrarlanır. Biz bu gün çox böyük tarixi qərarlar qəbul edirik”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan hazırda mühüm regional və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətində ciddi addımlar atır:

“Biz bu gün TRIPP marşrutunun açılmasının bir addımlığındayıq. Biz bu gün Transxəzər marşrutunu inşa edib, bunu Azərbaycanın geostrateji üstünlüyünə çeviririk. Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə, Türküstan coğrafiyasını əhatə edən ölkələrlə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırır. Özbəkistanla, Qırğızıstanla, önümüzdəki mərhələdə Qazaxıstanla da bənzər müqavilələrin imzalanması gözlənilir. Və nəhayət, beləliklə, 200 ilə yaxındır ki, müxtəlif imperiyaların istismarında qalmış Azərbaycan və Cənubi Qafqaz artıq bu imperiyaların gəlir mənbəyi kimi əllərindən çıxır. Artıq bizi istismar edə bilmirlər”.

Deputatın sözlərinə görə, məhz bu reallıq Azərbaycana qarşı müxtəlif informasiya kampaniyalarının aparılmasına səbəb olur:

“Belə olanda, əlbəttə ki, nə etmək lazımdır? Azərbaycana qarşı hücum kampaniyası təşkil etmək lazımdır. Çox uzağa getmək lazım deyil. 100 il bundan qabaq Tomsonla, Daşnaksütyun və Şaumyan eyni fikirdə idilər ki, Bakı bir növ azərbaycanlılara qalmamalıdır. Azərbaycan güclü çıxdığına görə 1920-ci ildə Rusiya ordusu Azərbaycanı işğal etdi. Bax, görürsünüzmü, bu gün həmin imperiyaların hər birinin ayağı Azərbaycandan kəsilir. Yeni reallığın müəllifi Azərbaycandır və burada bir qədər də Amerikanın dəstəyi var”.

H.Babaoğlu vurğulayıb ki, baş verənləri Avropa-Amerika münasibətləri və tərəflərin regiondakı maraqları kontekstində də qiymətləndirmək lazımdır:

“Ona görə mən düşünürəm ki, bunu həm də bu gün maraqları toqquşan Avropa-Amerika münasibətləri kontekstində qiymətləndirə bilərik. Tutaq ki, məsələn, Qərbin və yaxud Şimalın hər hansı bir imperiyası arzu edərdi ki, bu gün TRIPP marşrutu onların adından olsun və yaxud onların layihəsi olsun. Bax, görürsünüzmü, adi bir informasiya təxribatı kimi qiymətləndirdiyimiz bir hadisənin arxasında nə qədər dərin strateji məqsədlər var. Ona görə də məncə, Azərbaycan cəmiyyəti bunu düzgün qiymətləndirməyi bacarmalıdır. Necə ki, biz bu cür hadisələri düzgün qiymətləndirərək indiki qüdrətimizə gəlib çatmışıq. Çünki nəticə etibarilə bu da xalqımızın rifahına çevriləcəkdir, Azərbaycanın gücünə çevriləcəkdir”.

Müəllifin son sözü:

Bu gün güclənən Azərbaycan dövləti təkcə region ölkələrinin yox, dünyanın böyük güclərinin diqqət mərkəzindədir. Prezident uzaqgörən siyasəti nəticəsində Azərbaycan diqtə edilən yox, diqtə edən ölkəyə çevrilib. Belə bir fonda Azərbaycanın mövqeyi dəyişməz qalır: ölkə milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməkdə davam edir. Nə saxta xəbərlər, nə də koordinasiyalı dezinformasiya kampaniyaları Azərbaycanı seçdiyi yoldan döndərə bilməz.

Xatırladaq ki, Azərbaycanın Medianın İnkişafı Agentliyimənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatla bağlı bəyanat yaymışdı

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər