PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group gənclərə otelçilik sektorunda yeni karyera imkanları yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group gənclərə otelçilik sektorunda yeni karyera imkanları yaradır

First News Media16:20 - Bu gün
PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group gənclərə otelçilik sektorunda yeni karyera imkanları yaradır

PAŞA Real Estate Qrup-a daxil olan Absheron Hotel Group Azərbaycanın müxtəlif regionlarından, xüsusilə aztəminatlı ailələrdən olan gənclərin otelçilik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarına və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə üç aylıq intensiv təlim və təcrübə proqramı həyata keçirir.

Nəzəri bilikləri real iş təcrübəsi ilə birləşdirən proqram iştirakçılara qonaqpərvərlik sənayesinin müxtəlif istiqamətlərini yaxından öyrənmək, peşəkar və şəxsi bacarıqlarını inkişaf etdirmək və gələcək karyeraları üçün möhkəm baza formalaşdırmaq imkanı yaradır.

Proqram çərçivəsində iştirakçılar Absheron Hotel Group-un 16 hotelində praktiki təcrübə keçərək müxtəlif otelçilik rolları və hotel əməliyyatları ilə yaxından tanış olurlar. Bu müddət ərzində iştirakçılar nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirir, qonaqlarla ünsiyyət, xidmət standartları, komanda işi, etik davranış və etiket qaydaları, eləcə də digər mühüm peşəkar bacarıqlarını real iş mühitində inkişaf etdirirlər. Eyni zamanda, gənclərin yeni sosial və peşəkar mühitə daha rahat uyğunlaşmasına dəstək məqsədilə proqram çərçivəsində psixoloq dəstəyi də təmin olunur.

Üç ay davam edən proqram iştirakçılara otelçilik sektorunun iş prinsiplərini yaxından öyrənmək, müxtəlif istiqamətlər üzrə təcrübə toplamaq və sənayenin peşəkar mühitini daha dərindən tanımaq imkanı verir.

Bu günədək proqram çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 114 gənc proqramı uğurla başa vurub və məzunların 86%-i işlə təmin olunub. Bu nəticə proqramın gənclərin peşəkar bacarıqlarının inkişafı ilə yanaşı, onların əmək bazarına uğurlu inteqrasiyasına verdiyi töhfəni əks etdirir.

Proqramın əsas prioritetlərindən biri də qızların qonaqpərvərlik sektorunda karyera qurmasına dəstək verməkdir. İki qız iştirakçı ilə başlayan təşəbbüs bu gün artıq 45 qız məzunu əhatə edir və onların peşəkar həyata inteqrasiyasına real töhfə verir.

Absheron Hotel Group bu təşəbbüslə gənclərin potensialını üzə çıxarmağa, onların əmək bazarına hazırlığını gücləndirməyə və otelçilik sektorunda yeni istedadların yetişdirilməsinə töhfə verir. Proqramın əsas dəyəri isə yalnız peşəkar bacarıqlar qazandırmaq deyil, gənclər üçün yeni imkanlar yaratmaq, onların həyatında müsbət dəyişikliklərə yol açmaq və cəmiyyət üçün uzunmüddətli dəyər formalaşdırmaqdır.

Absheron Hotel Group haqqında:

PAŞA Real Estate Qrupun tərkibinə daxil olan Absheron Hotel Group Azərbaycanın aparıcı hotel idarəetmə şirkətlərindən biridir. Şirkət yerli və beynəlxalq bazarlarda dünya səviyyəli hotel və kurort portfelinin inkişafı və idarə olunmasına, yüksək xidmət standartlarının tətbiqinə və qonaqlar üçün fərqli təcrübələrin yaradılmasına fokuslanır.

PAŞA Real Estate Qrup haqqında:

PAŞA Holding-in tərkibinə daxil olan PAŞA Real Estate Qrup daşınmaz əmlaka investisiya, tikinti, satış, icarə, strateji idarəetmə və istismar sahələrində ixtisaslaşıb. Qrupun fəaliyyət coğrafiyası Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro və ABŞ-ı əhatə edir. Qrupun portfelinə lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət kompleksləri, premium yaşayış daşınmaz əmlakı və çoxfunksiyalı layihələr daxildir. Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərinə sadiq qalan PAŞA Real Estate Qrup qlobal səviyyədə yeni sənaye standartları müəyyən etməyə və aktivlərinin dəyərini artırmağa çalışır.

Əlavə məlumat üçün www.pasharealestate.az. səhifəsinə daxil olun.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər