Azərbaycan oxatanları Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusda medal qazanıblar
Azərbaycanın kamandan oxatma üzrə millisinin üzvləri Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında medal qazanıblar.
Bu barədə 1news.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı turnirdə Azərbaycan yığması baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimir Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.
70 metr məsafəyə qadınlar arasında fərdi turnirdə F.Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və qızıl medala sahib olub. Eyni kateqoriyada Yaylagül Ramazanova gümüş medal qazanıb.
F.Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə mübarizə apararaq bürünc medalı da aktivinə yazdırıb. Həlledici qarşılaşmalardan sonra bu gün qaliblər mükafatlandırılacaq.
Azərbaycan təmsilçiləri yarışdan əvvəl, avqustun 29-dan sentyabrın 7-dək Mogilyovda keçirilən beynəlxalq təlim-məşq toplanışında da iştirak edib.











