Quba-Xınalıq yolunda baş verən sürüşmə nəticəsində 8 kəndin əlaqəsi kəsilib - FOTO
Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq sürüşməsi baş verib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sürüşmə nəticəsində torpaq kütləsi və iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Nəticədə Xınalıq istiqamətində yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət üçün açılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, eyni ərazidə sentyabrın 30-da da torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yol bir müddət nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı qalıb.





77












