İran müharibəsinin ABŞ-yə maliyyə yükü AÇIQLANDI: milyardlarla dollar
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) hesabatına görə, İranla silahlı qarşıdurmanın Pentaqona əməliyyat xərcləri 38 milyard dollara çatıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, CBO İranla bağlı fevralın sonunda “Epik Qəzəb Əməliyyatı” adı ilə başlayan hərbi əməliyyatların xərclərini dörd əsas kateqoriya üzrə araşdırıb. Hesabatda bildirilir ki, avqustun 1-nə olan məlumata görə, İranla qarşıdurmanın əməliyyat xərclərinin təxminən 38 milyard dollar olduğu təxmin edilir.
Məbləğin əsasən istifadə olunan sursatların yenilənməsi, döyüşlər zamanı itirilən hərbi texnikanın əvəzlənməsi, uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərclərinin yüksəlməsi ilə bağlı olduğu qeyd edilib.
Hesabatda ABŞ-nin hərbi sursat ehtiyatlarının azalmasının ölkənin arsenalını bir neçə il ərzində zəiflədə biləcəyi bildirilib. CBO bu vəziyyətin xüsusilə Çin kimi geniş ballistik və qanadlı raket arsenalına malik ölkələrlə mümkün gələcək böhranlar zamanı ABŞ üçün ciddi təhlükəsizlik riskləri yarada biləcəyini vurğulayıb.












